Nazir müavini: “Əmək müqaviləsi bildirişi sayında 28,8 faiz artım baş verib”

Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Anar Əliyev

© APA | Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Anar Əliyev

# 14 oktyabr 2021 13:07 (UTC +04:00)

“Aparılan islahatlar nəticəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb. Həmçinin son üç ildə müavinətlərin orta aylıq məbləği 95, maksimum məbləği 65 faiz artıb”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Caspian Energy Club-un təşkil etdiyi ənənəvi “CEO Lunch”da çıxışı zamanı bildirib. Onun sözlərinə görə, təqaüdün maksimum məbləğində 54 faiz artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.

DOST layihəsi barədə məlumat verən nazir müavini deyib ki, 2019-cu ilin may ayından 1, 2, 3, 4 saylı Bakı və Abşeron DOST Mərkəzləri açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2025-ci ilə kimi 17 regional DOST mərkəzinin açılması nəzərdə tutulur:

“Özünüməşğulluq proqramı genişləndirilir və 2017-ci ildə bu proqrama 1172 nəfər cəlb olunmuşdusa, bu il 16 min nəfərin cəlb olunması nəzərdə tutulub. Bu proqram çərçivəsində Dünya Bankı ilə layihə icra olunur və 2025-ci ilə qədər 22 min şəxsin bu proqramdan yararlanması təmin olunacaq. Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində - minimum əmək haqqının artırılması, qeyri-formal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusilə vergi, sosial və işsizlikdən sığorta qanunvericiliyində edilmiş dəyişikliklərlə vergi və sığorta haqlarının ödənişlərinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, iqtisadiyyatda şəffaflığın artırılması və təbliğat-marifləndirmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində əmək müqaviləsi bildirişi sayında 366 642 (28.8%) artım baş verib”.

Nazir müavini əlavə edib ki, işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının və davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 446 peşə və kvalifikasiya standartı hazırlanaraq “e-sosial.az” portalında bütün maraqlı tərəflərin, o cümlədən işəgötürənlərin istifadəsinə verilib. Bu ilin sonuna onların sayının 1000-ə çatdırılması hədəflənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR