Parlamentin komitə sədri xüsusi xidmət orqanlarına büdcədən daha çox vəsait ayrılmasını təklif edib

Ziyafət Əsgərov

© APA | Ziyafət Əsgərov

# 03 dekabr 2021 13:07 (UTC +04:00)

“Prokurorluq orqanları ilə təhlükəsizlik orqanlarının fəaliyyətini eyniləşdirmək düzgün deyil. Digər qurumlara bu məqsədlə ayrılan məbləğ 5 faiz deyil, daha yüksək, 25-50 faiz həcmindədir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında layihənin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, xüsusi xidmət orqanlarına ayrılan vəsait daha da artırılmalıdır: “Çünki onlar günün 24 saatı çalışırlar, xüsusi qurğular alır, dövlətin təhlükəsizliyinin qorunması istiqamətində böyük işlər görürlər”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə nəzərə çatdırıb ki, indiyə qədər 11 dövlət qurumuna belə güzəşt verilib, bu, ilk dəfə deyil: “Dövlət başçısı da Vətən müharibəsində xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək qiymətləndirmişdi. Prezident İlham Əliyev demişdi ki, xüsusi xidmət orqanları o gözlədiyindən də yaxşı işləyib. Mən 5 faiz məsələsində problem görmürəm, hətta Siyavuş Novruzovun dediyi kimi, bunu daha da artırmaq yaxşı olardı”.

Qeyd edək ki, layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Həmin maddəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR