Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı ilə Qyonqcu şəhər meri arasında onlayn görüş keçirilib

Qəbələnin İcra Hakimiyyətinin başçısı ilə Qyonqcu şəhərinin meri arasında görüş

© APA | Qəbələnin İcra Hakimiyyətinin başçısı ilə Qyonqcu şəhərinin meri arasında görüş

# 18 noyabr 2021 11:13 (UTC +04:00)

Noyabrın 16-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı ilə Koreya Respublikasının Qyonqcu şəhərinin meri arasında onlayn görüş keçirilib.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, onlayn görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Azərbaycanın artıq bütün dünyada öz sözünü deməyə qadir olan, istər sosial-iqtisadi sahədə, istərsə də hərb sahəsində uğurlar əldə etmiş bir ölkə olduğunu, bu nailiyyətlərin əldə olunması, müstəqil ölkəmizin sosial-iqtisadi sahədə sürətli inkişafı üçün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsinin məntiqi nəticəsi olmasını vurğulayıb.

Görüşdə 2015-ci ilin 20 avqust tarixində Qəbələ şəhəri ilə Qyonqcu şəhəri arasında Dostluq Münasibətlərinin qurulması haqqında Sazişin imzalanması ölkələrimiz arasında mədəni, idman, turizm, iqtisadi və sair sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə öz töhfəsini verdiyi qeyd edilib.

Qyonqcu və Qəbələ şəhərləri arasında gələcək əməkdaşlıq üçün arxeoloji, turizm, təhsil sahəsində əməkdaşlıq əlaqələrinin artırılması, gələn il Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi ilə bağlı qarşılıqlı tədbirlərin keçirilməsi müzakirə edilib.

Sonda Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci il 6 iyul tarixdə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv dövlətlərin görüşünə ev sahibliyi etmək üçün Qyonqcu şəhərinin mübarizəyə qatılmasının dəstəkləndiyi bildirilib, bu işdə onlara uğurlar arzulanıb, Qəbələ və Qyonqcu şəhərləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Onlayn görüşdə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının əməkdaşları İrina Zeynalova və İradə Nəcəfova da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR