Bakı, Sumqayıt, Abşeronda 2014-cü ildən növbədə olan şəhid ailələri bu il mənzillə təmin olunacaq

 Bakı, Sumqayıt, Abşeronda 2014-cü ildən növbədə olan şəhid ailələri bu il mənzillə təmin olunacaq
# 16 aprel 2021 12:20 (UTC +04:00)

“Bakı, Sumqayıt, Abşeronda 2014-cü ilin yanvarın 1-dən mənzil növbəsində olan şəhid ailələri, həmçinin Vətən Müharibəsində şəhid olan şəxslərin növbəyə duran ailə üzvlərinin bu il ərzində mənzillə təmin olunması nəzərdə tutulub”. 

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. 

Onun sözlərinə görə, Agentlik tərəfindən Vətən müharibəsi şəhidlərinin əksəriyyətinin evlərinə səfərlər olub: “Onlara izah olundu ki, hansının mənzil-məişət şəraiti yaxşı deyilsə, qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanlarına müraciət etsinlər, onlar mənzil növbəsinə götürülsün ki, Nazirlik həmin şəxsləri evlə təmin etsin. Bununla bağlı yerli icra hakimiyyəti orqanlarına məktublar da göndərmişik ki, bu şəxsləri qısa müddət ərzində qeydiyyata götürüb Nazirliyə məlumat versinlər. Növbəyə dayanmayan vətəndaşlardan da xahiş edirik ki, növbəyə düşsünlər. Onlar qeydiyyatda olduqları bölgə üzrə mənzillər olduqca mənzillə təmin olunacaq”. 

Mənzillərə sənədlərin verilməsinə gəldikdə isə Agentlik sədri qeyd edib ki, qanunvericiliyə əsasən, dövlət tərəfindən verilən evlərə “Özəlləşdirmə haqqında” qanun şamil olunmur: “Bu evlər vətəndaşın, ailə üzvlərinin daimi istifadəsindədir, amma “Özəlləşdirmə haqqında” qanun şamil olunmadığı üçün onlara özəlləşdirmə haqqında sənəd verilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR