AQTA yerli icra orqanlarına müraciət edib

AQTA yerli icra orqanlarına müraciət edib

© APA | AQTA

# 06 may 2021 12:54 (UTC +04:00)

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində AQTA aidiyyəti dövlət və yerli icra orqanları ilə müvafiq tədbirlər görür. Agentlik özünün nəzarət funksiyalarına uyğun olaraq bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi və qanunsuz fəaliyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl olaraq monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

AQTA-dan APA-ya verilən məlumata görə, son vaxtlar aparılan monitorinqlərin nəticələri göstərir ki, görülən işlərə baxmayaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən ərazilərdə, küçələrdə, yol kənarlarında satış məqsədilə qanunsuz heyvan kəsimi fəaliyyətləri davam edir. Bəzi ərazilərdə isə bu cür qanunsuz halların genişləndiyi müəyyənləşdirilib.

Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası dövründə, o cümlədən havaların mövsümi istiləşməsi ilə əlaqədar kütləvi zoonoz xəstəliklərin yayılması riski mövcuddur. Belə bir şəraitdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvanların baytarlıq nəzarətindən keçirilmədən kəsilməsi təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq, Agentlik tərəfindən aparılan monitorinqlər zamanı yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətləri ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar toplanılıb və müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilib.

Qida Təhlükəsizliyi Agentliyi nəzarət orqanı olaraq  baş verə biləcək bioloji təhlükə riskini mütəmadi olaraq qiymətləndirir, məsələni daim diqqət mərkəzində saxlayır, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əhali arasında geniş maarifləndirmə, təbliğat və təşviqat işlərini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR