ATU-nun kafedra müdiri: "Ölkədə koronavirusdan sağalma 92.3, ölüm 1.4 faiz təşkil edir"

ATU-nun kafedra müdiri: "Ölkədə koronavirusdan sağalma 92.3, ölüm 1.4 faiz təşkil edir"
# 07 may 2021 12:43 (UTC +04:00)

“Hazırda ölkədə aşkar olunan koronoviruslu xəstələrin sayı 300 mini keçib”.

APA-nın məlumatına görə, bunu “Yay fəslinin COVID-19-un yayılma dinamikasına təsiri” mövzusunda vebinarda Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev deyib. O bildirib ki, Azərbaycanda koronavirusdan sağalma faizi 92.3, ölüm faktı isə 1.4 faiz təşkil edir: “Dünya miqyasında götürəndə ölüm göstəricisi bizdə azdır. Amma buna arxayın olmamalı, qabaqlayıcı tədbirlətrimizi davam etməliyik”.

C.İsayev koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırıb. O bildirib ki, kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır: “Ölkədə 3 aydır vaksinasiyaya başlamışıq, amma hələ əhalinin 3.78 faizi vaksinasiya olunub, yəni hər iki vaksin kursunu keçiblər. Doğurudur, dünya masştabında bu, az rəqəm deyil. Amma bizi qane etmir. Çıxış yolumuz əhalinin vaksinasiya olunmasıdır. Bu istiqamətdə tələbələr də yaxın çevrələrində təblğatı genişləndirməlidirlər”.

ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov isə qeyd edib ki, tənəffüs infeksiyaları və o cümlədən COVID-19 infeksiyası ilin bütün fəsillərində aktualdır. Onun sözlərinə görə, istər isti, istər soyuq aylarda tənəffüs infeksiyalarına yoluxmağın müsbət və mənfi tərəfləri və xüsusiyyətləri mövcuddur: “Əsasən soyuq aylarda tənəffüs infeksiyalarına yoluxanların sayının çox olduğu deyilsə də, bəzən isti aylarda da yoluxanların sayının çox olduğuna rast gəlinir. COVID -19 infeksiyasına yoluxanların 90 faizi xəstəliyi simptomsuz və yüngül keçirdiyindən onlarda yoluxma elə də hiss olunmur və ətraf üçün təhlükə mənbəyinə çevrilirlər. Həmin şəxslər özlərində hər hansı klinik əlamətin olduğunu və ya xəstə olduqlarını bilmir, ailə daxilində və ya digər tədbir və yerlərdə qoruyucu vasitədən istifadə etmirlər. Bu səbəbdən də təmasda olduqları şəxsləri yoluxdururlar”.

Virusa yoluxmamaq üçün əhalinin kütləvi şəkildə vaksinasiya olunmalarının vacibliyinə toxunan R.Bayramov yeganə çıxış yolunun peyvənd olunmaqdan keçdiyini bildirib: “Doğrudur, koronavirusun müalicəsi üçün konkret dərman yoxdur. Yalnız ehtimallara əsaslanaraq xəstələrə dərmanlar tətbiq olunur. Ona görə də ən əlverişlisi mübarizə yolu vaksinasiya olunmaqdır. Başqa çıxış yolumuz yoxdur. Düzdür, vaksinasiya olunanlar arasında istər dünyada, istərsə də ölkəmizdə yoluxanlara rast gəlinir. Onlar ambulator və ya stasionar şəraitdə müalicə alırlar. Aralarında dünyasını dəyişənlər də var. Amma bu göstərici az faiz təşkil edir. Avropada bu, 0.2 faizdir. Onu da qeyd edim ki, hər iki dozanı almış və ikinci dozadan bir ay keçmiş şəxslər peyvənd olunmuş hesab edilir. Yalnız bundan sonra həmin şəxslərdə postvaksinal immunitetin olduğu barədə fikir söyləmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR