Azərbaycan paytaxtında “İqtisadi böhranın Avropa turizminə təsiri: çağırışlar və cavab tədbirləri” mövzusunda seminar keçirilir

Azərbaycan paytaxtında “İqtisadi böhranın Avropa turizminə təsiri: çağırışlar və cavab tədbirləri” mövzusunda seminar keçirilir
# 25 mart 2009 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və UNWTO baş katibinin vəzifəsinin icra edən Talib Rifai açılış nitqi ilə çıxış ediblər. BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi yanında baş iqtisadçı və baş mütəxəssis Robert Şelburn “Cari qlobal iqtisadi və maliyyə böhranının Avropa perspektivləri” mövzusunda çıxışında 2009-2010-cu illərin dünya üzrə turizm sahəsi üçün çətin keçəcəyini qeyd edib. Onun sözlərinə görə, bununla yanaşı, bu sahədə rəqabətin artacağı, səyahətlərin daha qısa olacağı, səyahətçilərin daha ucuz otellərə üstünlük verəcəyi gözlənilir. Ekspert bildirib ki, Qərbi Avropaya səyahətlər daha ucuz başa gəldiyi üçün orada turist artımı, Şərqi Avropa və Amerikaya səyahətlərin həcminin isə azalacağı gözlənilir. O, böhranın Braziliya və Çinin turizm sahələrinə bir o qədər təsir göstərmədiyini də vurğulayıb.

Tədbirdə çıxış edən UNWTO-nun rəqabətlilik və turistik xidmətlərin ticarəti, bazar tendensiyaları üzrə bölməsi rəhbərinin müavini Sandra Karvao qeyd edib ki, ötən il ərzində bütün dünya üzrə səyahətlərin həcmi 1% azalıb. Avropada isə bu göstərici daha yuxarı olub. Ekspertin proqnozlarına görə, bu il vəziyyətin daha da pisləşəcəyi, 1-3% azalma müşahidə ediləcəyi gözlənilir: “Bununla yanaşı, böhranın turizmə müsbət təsirləri də olub. Belə ki, neftin ucuzlaşması nəticəsində aviabiletlərin qiymətində düşmə qeydə alınıb. Həmçinin, otellərdə rezervasiya qiymətləri endirilib, 17 il ərzində qəbul edilməyən ƏDV-nin endirilməsi təklifləri ötən ay artıq qəbul edilib. Qeyd edək ki, Avropada ölkədən asılı olaraq ƏDV-nin həcmi 3%-dən 25%-dək təşkil edir”.

S. Karvao bu ilin yanvar ayında Avropada turizmin səviyyəsinin 11% düşdüyünü söyləyib, lakin bu ilin sonuna kimi görüləcək tədbirlər nəticəsində 2010-cu ildə Avropa ölkələrinin böhrandan çıxmaq istiqamətində ilk addımlarını atacağını vurğulayıb.

Tədbirdə Avropa ölkələrində böhranın təsirlərinin azaldılması məqsədilə görülən işlərdən də danışılıb. Qeyd olunub ki, İsveçrədə böhranı aşmaq məqsədi ilə daxili turizm inkişaf etdirilir, reklam kampaniyalarının keçirilməsi üçün əlavə vəsaitlər ayrılır, beləliklə, ölkədə turizm xidmətləri sahəsində kəskin rəqabətin artacağı, nəticədə xidmətlərin keyfiyyətinin yüksələcəyi özlənilir.

Sloveniyada isə vəziyyət daha çətindir. Çünki qonşuluqda İtaliya və Macarıstan kimi ölkələr var. Bu səbəbdən daxili bazarı inkişaf etdirmək çətin olacaq.

Azərbaycana gəldikcə, iclasda bildirilib ki, ölkənin şimalında xizək kurortunun yaradılması istiqamətində iş aparılır, layihə çərçivəsində yerli kadrlar müvafiq treninqlərdə iştirak edirlər. Bununla yanaşı, ölkədə turizmin təbliğatına ayrılan vəsait ildən-ilə artırılır, bunun nəticəsində son illər ölkədə turizmin inkişaf tendensiyaları müşahidə edilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il ərzində turist xidmətlərinin artırılacağı, qonşu ölkələrdən, o cümlədən Türkiyə, Rusiya və Gürcüstandan Azərbaycana turistlərin cəlb edilməsi planlaşdırılır. Bununla yanaşı, Azərbaycan UNWTO ilə birgə yeddi ölkənin iştirakı ilə “Şərab yolu” layihəsini və digər birgə layihələr həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR