Azərbaycan xarici işlər naziri Ermənistan tərəfindən səsləndirilən bəyanatlara münasibət bildirib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 16:16 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən səsləndirilən bəyanatları dəyərləndirib.

APA-nın məlumatına görə, Ceyhun Bayramov bildirib ki, Ermənistanda daxili siyasi vəziyyətdə böyük gərginlik var: “Ona görə Ermənistandan bir sıra hallarda gələn bəyanatlar ziddiyyətli xarakter daşıyır. Müşahidə edirsinizsə, hər hansı pozitiv mesaj verilir və bunu hər kəs müsbət qarşılayır. Ancaq üstündən qısa müddət keçəndən sonra başqa mesaj verilir. Həmin mesaj isə öncə verilən mesajla ziddiyyət təşkil edir. Ona görə də bununla bağlı hər hansı fikir söyləmək hələ tezdir. Düşünürük ki, Ermənistan tərəfi də anlamalı və başa düşməlidir ki, uzun illər ərzində, 30 ilə yaxın həyata keçirilən təcavüz siyasəti ona heç bir uğur gətirmədi. Çünki bu gün Ermənistanın demoqrafik durumuna, iqtisadiyyatının vəziyyətinə, Ermənistandakı cəmiyyətdaxili sarsıntıya, COVİD-19 pandemiyasının orada yaratdığı fəsadlara, dövlətin buna qarşı gücsüz olmasına və bir sıra digər amillərə baxsaq, birbaşa görəcəyik ki, orada problemlərin sayı olduqca çoxdur. Hesab edirəm ki, həmin problemlərin kökündə məhz 30 il bundan öncə əsası qoyulmuş və qonşulara qarşı aparılan təcavüz siyasəti durur. Ona görə düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi, Ermənistanda siyasi qərarların qəbul olunmasına məsul şəxslər məsuliyyətli davranmalı, yalnız bugünkü dar müstəvidə deyil, daha geniş müstəvidə məsələyə nəzər salmalıdırlar. Öz ölkələrinin, öz xalqlarının gələcəyini düşünsələr, müsbət addımlar qaçılmaz olacaq”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR