Əli Əhmədov Gürcüstan nümayəndə heyəti ilə görüşüb

Əli Əhmədovun Gürcüstan nümayəndə heyəti ilə görüşü

© APA | Əli Əhmədovun Gürcüstan nümayəndə heyəti ilə görüşü

# 27 avqust 2021 18:18 (UTC +04:00)

Bu gün Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədovla Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

APA-nın məlumatlına görə, Əli Əhmədov Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə diqqət çəkərək, iki xalqın və dövlətin biri-birinə dərin hörmət və ehtiramı barədə danışıb.

Görüş çərçivəsində 30 illik işğal müddətində Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandallıq aktları haqqında məlumat verən Baş Nazirin müavini bildirib ki, Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə ərazimizin iyirmi faizinin zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmayıb, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurulub.

44 günlük Vətən müharibəsinin ardından dövlətimizin Qarabağda apardığı yenidənqurma və bərpa işləri barədə qonağa ətraflı məlumat verən Əli Əhmədov diplomatik korpusun tərkibində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin də işğaldan azad olunan torpaqlarımıza səfəri zamanı ermənilərin törətdikləri vandallıq aktlarının şahidi olduğunu qeyd edib.

Öz növbəsində, Zaza Vaşakmadze iki ölkə arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində tikilməkdə olan Azərbaycan teatrı barədə ətraflı məlumat verib, eyni zamanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın Qax rayonunda mədəniyyət mərkəzinin inşasına görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR