FHN: Yanğınsöndürənlərimiz yeni yanğınla əlaqədar Türkiyənin Denizli bölgəsində əməliyyatlara başlayıb

FHN: Yanğınsöndürənlərimiz yeni yanğınla əlaqədar Türkiyənin Denizli bölgəsində əməliyyatlara başlayıb
# 03 avqust 2021 22:40 (UTC +04:00)

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın-xilasetmə qrupu hazırda qardaş Türkiyə Respublikasındadır.

APA xəbər verir ki, bu barədə məlumatıə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti yayıb.

Məlumata görə, bu gün axşam saatlarında qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Denizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Denizli istiqamətinə yönəldilməsi qərara alınıb.

Denizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Denizlidədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR