Rusiyalı ekspert: “Demokratiya sammitinin məqsədi dövlətlərin daxili işinə müdaxiləni legitimləşdirməkdir”

Sergey Markov

© APA | Sergey Markov

# 22 noyabr 2021 16:35 (UTC +04:00)

“ABŞ və Avropa İttifaqı tərəfindən çağırılan “Demokratiya uğrunda sammit”in məqsədi Birləşmiş Millətlər Təşkilatını əvəz etməkdir”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi yeni ictimai koalisiya yaradıb, bura əksər dünya ölkələrini toplayıb, daha sonra bu koalisiyanın adından bütün dünya ictimaiyyəti kimi çıxış etməkdir: “Buna səbəb isə ABŞ-ın BMT-də dominantlıq edə bilməməsidir. Çünki orada ABŞ-a BMT-də və dünya ictimaiyyətində diktatura qurmağa imkan verməyən nəhəng ölkələr var. Ona görə də, Amerikada qərara gəliblər ki, ABŞ-ın hegemonluğunu qəbul edən ölkələrin iştirakı ilə özlərinin “ev diktaturası”nı qursunlar”.

S. Markov sammitə dəvət olunmayan Rusiya və Türkiyənin müstəqil xarici siyasət yürütdüyünü söyləyib: “Bu ölkələr ABŞ-ın dünya ictimaiyyətində diktaturasına qarşı çıxırlar. Ona görə də Moskva və Ankara həmin sammitə dəvət olunmayıb. Həmin sammitə dəvət olunan ölkələrin siyahısına baxsaq, onların sırasında hərdən ABŞ-a “yox” deyə biləcək bir Hindistan var. Qalan ölkələr isə ABŞ-ın dünya ictimaiyyətində diktaturası ilə razıdır”.

Rusiyalı ekspert hesab edir ki, indiki halda Moskva və Ankaranın vəzifəsi BMT-ni, bütün ölkələrin üzvü olduğu dünya ictimaiyyətini daha da möhkəmləndirməkdir.

S. Markov demokratiya sammitinin çağırılmasının digər məqsədinin dövlətlərin daxili işlərinə müdaxiləni legitimləşdirməkdən ibarət olduğunu qeyd edib: “Daha cəsur desək, demokratiya sammitinin çağırılması digər ölkələrdə demokratiyanı sındırmaq üçündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR