Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında Ermənistanı sülhə çağırıb

Milli Məclisin sədri Sahibə Qafarova, MDB PA-nın 53-cü plenar iclasında

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, MDB PA-nın 53-cü plenar iclasında

# 26 noyabr 2021 16:09 (UTC +04:00)

Noyabrın 26-da MDB Parlamentlərarası Assambleyasının 53-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın plenar iclasında çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan parlamentinin sədri bildirib ki, bu gün geniş beynəlxalq miqyasda öz quruculuq imkanlarını reallaşdırmağa qadir olan parlament diplomatiyasının əhəmiyyəti artmaqda davam edir.
S. Qafarova deyib ki, parlamentarilər bu gün çox zəruri olan ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş növbəti addımları müzakirə ediblər. Milli Məclisin sədri ölkəmizin növbəti ildə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasına sədrliyi böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. Əminliklə bildirib ki, gənc parlamentarilər Assambleyaya üzv dövlətlər arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfələrini verməkdə davam edəcəklər.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistanla 44 günlük müharibədə Qələbə əldə edərək, biz azad olunan ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışıq. Sahibə Qafarova məcburi köçkünlərin, erməni işğalından əziyyət çəkən bir milyondan çox insanın tezliklə öz yurdlarına qaytarılacağını söyləyib. Spiker bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında münaqişəyə son qoyulub.
Parlamentin sədri qeyd edib ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasına dair Ermənistana bir sıra təkliflər vermişik: "Bu, beynəlxalq hüququn normalarına cavab verir. Biz regionda sabitlik və firavanlıq istəyirik, müharibə haqqında yox, sülh və gələcək barədə danışmaq istəyirik".
Çıxışının sonunda Azərbaycan parlamentinin sədri iclas iştirakçılarının bundan sonra da qarşılıqlı hörmət və dəstəyə söykənən prinsiplər əsasında Assambleya çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduqlarına əminliyini ifadə edib.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR