Spiker Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Spiker Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
# 24 may 2021 17:20 (UTC +04:00)

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib.

Görüşdə Milli Məclisin Sədri bildirib ki, bu gün Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır.

Spiker xüsusilə qeyd edib ki, 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə Azərbaycana yüksək səviyyədə mənəvi və siyasi dəstək verərək əsl qardaşlıq örnəyi göstərib. Sahibə Qafarova iki qardaş ölkə kimi Azərbaycan və Türkiyənin bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcəyinə və bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Türkiyə və Azərbaycanın qanunverici orqanları arasında münasibətlərdən danışan S. Qafarova hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib.

Türkiyə və Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki qardaş ölkənin bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edən səfir isə dost və qardaş Azərbaycanda fəaliyyət göstərməyin onun üçün şərəfli və böyük məsuliyyət olduğunu deyib. O, fəaliyyəti dövründə əlaqələrimizin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR