Ramiz Quliyev: "Tarın səsi ilə məmuru yola gətirmişəm..." - VİDEO

Ramiz Quliyev: "Tarın səsi ilə məmuru yola gətirmişəm..." - <span style="color: red;">VİDEO
# 17 fevral 2014 07:15 (UTC +04:00)
Şükür etmək valideyn, müəllim tərbiyəsidir. Sonra özün valideyn olursan, sənət adamı olursan, bu üzdən də şükür etmək vacib məsələdir”. Bu fikirləri APA TV-də yayımlanan “İlqar Rəsul və...” verilişinin qonağı olan xalq artisti, tarzən Ramiz Quliyev deyib.
Onun sözlərinə görə, musiqini sənət deyib seçənlərə Allah əvvəla istedad verməlidir: “Həm də fövqəladə sənət istedadı verməlidir. Hansı sahəni götürsəniz, o sahəni sevən də var, sevməyən də. Amma musiqini sevməyən yoxdur, bir canlı yoxdur ki, o musiqini sevməsin. Mən sənəti seçəndə də belə idi. Bu sənəti öyrənmək, nəyəsə nail olmaq üçün çox ciddi mərhələlər keçmək lazımdır. Və öyrəndiklərinin hamısı sənin ustalıq sirlərinə çevrilir. Həm də insan öyrəndikcə ustalaşır, yəni həm də özü sənət sirlərini açan birinə çevrilə bilir. Bu xüsusən də ifaçılar üçün vacibdir. Yaxşı ifaçı olmaq üçün adam ən azı 30 il oxumalıdır. Bunu bacardınsa, sonra hər şey özü sənə tərəf gəlir. Populyarlıq da, sevgi də, qalan bütün şeylər də. Əsas deyilənləri öyrənməkdir”.
Ramiz Quliyev populyarlıq anlayışına aydınlıq gətirib: “Populyarlıq cürbəcür olur. Elə olur ki, səni tanıyırlar, amma sevmirlər. Elə olur, səni tanımırlar, sonradan tanıyırlar və onda da tanımaq istəmirlər. Burada şəxsiyyətə bağlılıq var. Hansı yolun yolçususan, adamlara necə qulluq edirsən, bunun hamısı vacibdir. Böyük musiqiçi olmaq çətindir. Ola bilər ki, yaxşı tar çalarsan, amma musiqiçisi olmazsan. Ona görə deyirəm ki, xalqın sevib qoruduğu sənətkar, xalqın yaşatdığı sənətkar olmaq başqa şeydir. Bax o sənətkarlar xoşbəxtdir ki, onlar ölümlərindən sonra da yaşayırlar. Onları öldükdən sonra da qoyub getdikləri iz yaşadır. Bu dünyadakı yaradıcılıq elə o dünya üçündür. Yəni o adam hara gedirsə, harada olursa-olsun burada qoyub getdiyi yaradıcılıqla yaşayır”.
Tarzən bildirib ki, sənəti ilə özünü təmin edə biləcək qədər, sənətindən ləzzət ala biləcək qədər qazanc əldə edib: “Mən hara gedirəmsə gedim, ən təkəbbürlü insanlar belə bizi, ifamızı dinləyəndən sonra biz istəyən kimi olurlar. Mən sənətimlə pis adamı yaxşı edə bilirəm. Tarın səsi ilə onu yumşalda bilirəm. Bir dəfə çox çətin bir adamın qəbuluna düşdüm. Kifayət qədər yüksək postda idi. İstənilən adama da əli çatırdı. Əslində kiminsə yanına getməyi xoşlamıram, amma onda məcbur olmuşdum. Xahişimi ona dedim. Soruşdu ki, bu məsələyə görə narahatsan, dedim bəli. Mənə qayıtdı ki, sən get tarını çal. Gəldim evə, elə bildim məni yola verir. Mən evə çatanda zəng elədilər ki, həmin məsələ yüksək səviyyədə həll olunub. Sonra yenə köməkçisinə zəng vurdum, çünki illərlə gözlədiyim iş bir saatın işində düzəlmişdi. İstədim minnətdarlıq eləyim. Zəng vurdum, köməkçisinə dedim ki, istəyirəm təcili olaraq onunla görüşüm, bir vacib məsələni yaddan çıxarmışam. Əslində minnətdarlıq etmək istəyirəm desəydim, yəqin ki, icazə verməzdi danışım. 10 dəqiqədən sonra zəng gəldi, dedi sizi gözləyir, gəlin. O adamın üzünə baxanda qəddar əzazil olduğunu bir də gördüm. Dedim, hörmətli filankəs, sizə minnətdaram. Mən təəccüb elədim ki, bu qədər qəliz məsələ bir saatın işində düzəldi. Mənə qayıtdı ki, bura bax, sən elə bilmə ki, mən o işi sənə görə etmişəm. Mən o işi sənin “Segah”ına görə etmişəm. Kefin pis olsa, “Segah”ı pis ifa edərsən. Pis “Segah” da mənim nəyimə lazımdı ki... Yəni “Segah” belə işlər görür, insanları yumşalda bilir”.
Xalq artisti valideynləri barədə də danışıb: “Valideynlərim sadə, zəhmətkeş insanlar idi. Atam mühasib olub, anam evdar qadın idi. Müharibədən gəlmişdi atam, əlilliyi vardı. Biz 8 uşaq olmuşuq, biri heç yadıma gəlmir. Müharibə vaxtı ölmüşdü. Atam 41 manat maaş alırdı. Sonra bir az artdı, 63 rubl oldu. O pulu elə xərcləməli idik ki, bayramlarımızda da xərcliyimiz olsun. Atam hərəmizə 10 qəpik verərdi. Bunu bəzən bölüşdürüb xərcləmək çox çətin olurdu. Məsələn, qaynadılmış qarğıdalını çox sevirdim, tumu da. Amma ikincini almağa evdə icazə verilmirdi. Həm də kinoya getmək istəyirdim. Yəni fikirləşirdim ki, o pulu bunların hamısına necə çatdırım. Amma sonda o 10 qəpiklə seçim edib filmə baxmağa gedirdim. Film nümayişindən əvvəl maraqlı jurnal verirdilər. O jurnalda Xan Şuşinski, Rəşid Behbudov oxuyurdu. Maraqlı idi ki, filmdə iki dəfə aldanmışam. İki, üç il dalbadal getdim “Çapayev” filminə. Həmişə mənə elə gəlirdi ki, “Çapayev” o dağı qalxacaq. Amma həmişə də qalxa bilmirdi. Bir də orta məktəbdə oxuyurduq. Üz aydan bir bayram olurdu. Mən də yaxşı oxuyanlar sırasında idim, müəllim sinif nümayəndəsinə dedi ki, bax gör hansı film var? Uşaq qayıdıb gəldi ki, müəllim filmin adı “Skoro”. Hazırlaşıb getdik sən demə “Skoro” yaxın zamanlarda nə isə olacağına görə yazıblarmış. Əslində heç nə yox imiş. Həmin gün kinomuz evdə oldu. Radiomuza qulaq asdıq.
O radioda Bülbülü, Xanı, Sara xanımı, Şövkət xanımı dinləyirdik. Atam zəhmli adam idi, amma pisliyi bacarmazdı. Qaraqabaq olmasının səbəbi də itkilərin, əziyyətləri çox olması idi. Ağır illər idi, həm də dərd-sər o qədər idi ki, adamın başı açılmırdı. Seyid nəslindən idi deyə seyid Əyyub ağa deyərdilər ona. Amma hərdən mahnı oxuyurdu. “Atadan, anadan yar şirin olar” deyə bir mahnı vardı, onu oxuyardı. Bir dəfə də bacım mənasını başa düşmədən oxudu. Atam onu danladı ki, mahnı tap oxumağa. Bacım anama dedi nə var ki burada? Anam dedi, çox şey var, bala. Ata-ana hər şeydən şirindir.
O illərin, Qarabağın dadlı yeməklərini indi heç nə əvəz eləmir. Ağdamın mal-heyvasının, ətinin tamı başqa olur. Oranın qovurması, şüyüdlü plovu, toyuqlu çığırtması başqa olur. Qarabağlıların plovu başqa olur. O vaxtın bir üstünlüyü o idi ki, adamlar bir-birlərini tanıyırdılar. Qəssablar əti, çörəkçi çörəyi də bəzən nisyə verirdi. Bazarda qaymaq, təndir çörəyi olurdu, amma həmişə tapılmazdı, hərdən olardı. Elə sadaladığım yeməklər də həmişə olmazdı. Hər şey maaşa bağlı idi. Məhəlləmizdə qəşəng əncirimiz vardı. Nə ağ idi, nə qara. Qəşəng mürəbbəsi olurdu. Anam bişirirdi. Səhər yeməyində yeyirdik. Şorun da bol vaxtı idi. O da səhər yeməyimizin bir hissəsi olurdu. Sağlam idik, sağlam qidalanırdıq.
Geyim məsələsi ağır məsələ idi. Məsələn əmilərimin, atamın müharibədən gətirdiyi şinelleri geyinirdik. Adamı dalasa da, isti olurdu. Yaxşı çəkmələr olurdu, içi isti, su keçirmirdi, isti olurdu. Hərdən isladıb odun sobamızın qırağında qurudurduq. O zaman məsələn, 36 ölçülü ayaqqabı kiçilib 32 ölçü olurdu, dabanını kəsib geyinirdik. Biz dahi deyilik, amma dahilərin hamısı çətinliklərdən keçirdi”.
Ramiz Quliyev toy xatirələrindən də danışıb: “Uşaq idim, toyları necə keçirdikləri yadımdadır. Toy çadırlarını kəsib balaca deşiklərdən oynayıb, oxuyanlara baxırdıq. Bizə maraqlı idi. Amma bizi onda qoymurdular. Toy fərraşının, adamların maraqlı oyunlarını görürdük. Bir dəfə məktəb direktorumuzu danladılar, mənə qəribə gəlmişdi, biz o müəllimdən çox qorxurduq, amma fərraş onu cəzalandırdı.
Bir gün evə gələndə gördüm ki, o toydakı alətlərdən biri bizdədir. Amma adını bilmirdim. Dedim, ata o nədir. Dedi, əminin tarıdır. Əmim də müharibədə sona qədər döyüşmüş, sonra mayor rütbəsində qayıdıb, bir neçə rayonda hərbi komissar işləmişdi. Həmin tarı o özü ilə müharibəyə aparıb gətirmişdi, bu mənə möcüzə kimi gəlirdi. O tara heç nə olmamışdı. Atam ona baxdı, gözü yaşardı. Heç nə soruşmadıq, utandıq. Anama dedik, nə olub? Dedi, Həbib əmin qolundan yaralanandan sonra tarı çala bilmir, atan ona görə kövrəldi. Mən gedib-gəlib baxırdım. Qorxumdan əl vura bilməzdim. Bir gün əmim gəldi. Qaçdım qabağına. Qucaqladı məni, qucağına aldı. Dedim, sənə bir şey göstərəcəyəm. Dedi ki, göstər. Divardakı tarı göstərdim, dedim o kimindir? Qayıtdı ki, sənin. Dedim, bəs niyə oradan asılıb, dedi ki düşürəcəyəm. Düşürüb gətirdi, qoydu stolun üstünə. Diqqətlə baxdım. Alət xoşuma gəldi. Amma simləri paslanmışdı, səsi kökdən düşmüşdü. Əmimlə bir yerdə köklədik. İndi o tar məndə durur. Onu da çalıram. Yəni, mən tarı tapmamışam. Tar gəldi məni tapdı”.
Xalq artisti Konservatoriyaya necə qəbul olmasından danışıb: “O vaxt Konservatoriyaya qəbul çətin məsələ idi. 9 imtahan verməli idin. İmtahanı da Cövdət Hacıyev götürürdü. Qəddar idi. Amma indi də danışanda deyirlər ki, onun rektorluq dövrü qızıl dövr idi. Atam məni Bakıya göndərəndə bircə onu demişdilər ki, konservatoriyanı tapmaq üçün heykəli tapmaq lazımdır. Üzeyir bəyin heykəlimi. Bakıda avtobusdan düşdüm. Trolleybusa minib getdim. Konservatoriya çatdım. Atam mənə 211 dənə “üçlük” vermişdi. Ən çoxu pulumun bitməsindən qorxurdum. Dedim, heykəlin yanında düşəcəyəm, sürücü dedi ki, çatanda deyərəm. Cabbarlının heykəlinin yanında düşürdü məni. Elə orada yaxınlıqda peraşki satırdılar. Birini aldım, ev uşağı idim, xoşuma gəlmədi. Su da aldım, içib yenə də ünvanı axtardım. Dedim Üzeyir bəyin heykəli lazımdır. Bir kişi mənə dedi ki, bala o kişi ayaq üstə durmayıb ha, oturub. Yolu göstərdi, gəlib tapdım. Dayanıb abidəyə xeyli baxdım, sonra içəri girdim. Heç kim yox idi. Ağdamda sənədlərimi gec verdilər deyə qəbula gecikirdim, cəmi iki günüm qalmışdı. Qalxdım yuxarı, qarşıma uzun saçlı bir kişi çıxdı. Məni çağırdı. Dedi niyə gəlmisən , dedim qəbula sənəd verməyə. Qayıtdı ki, sənədləri burada qəbul etmirlər, səni kim buraxıb içəri. Üzr istəyib dedim ki, heç kim yox idi. Sonra mənə suallar verdi. Çaykovski kimdir? Dedim, dahi rus bəstəkarıdır. Sonra baxdı, bir də sual verdi: Qlazunov kimdir? Dedim, rus bəstəkarıdır. Hansı əsərlərini bilirsən? Mən yaxşı hazırlaşmışdım, amma əzbərləməmişdim. İki dəfə Qlazunov, Qlazunov deyəndə dedi ki, get, hazırlaş. Sonradan bildim ki, Cövdət Hacıyevdir, rektor. Mən pərt oldum, aşağı düşdüm. “Beşmərtəbə”də, Mirzəağa Əliyev, 150 ünvanında kirayədə qalırdım. O söhbəti orada yaşayan zərgərlərə, bərbərlərə danışdım. Onlar tarın səsini xoşlayırdılar, deyəsən, ifam onların ürəyinə yatmışdı. Dedilər, niyə dilxorsan, dedim ki, bəs buna görə. Rektor sual verdi, Çaykovski ilə bağlı suala cavab verdim, Qlazunovla bağlı suala isə yox. Orada bir bakılı balası vardı, dedi, ə, Qlazunov kimdir sənin xətrinə dəyib? Dedim, yox, o kişi çoxdan ölüb. Bax belə hadisələr olub”.
Sözünü yekunlaşdıran Ramiz Quliyev “o dünyada sizdən bir ifa istəsələr, hansı mahnını ifa edərdiniz” sualına “O dünyada məndən bir ifa istəsələr, mən “Ana Segah” çalardım. Hansı ki, orada həm “Segah” var, həm də “Ana” mahnısı var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR