“Yüz ilin tənhalığı” romanının türkcəyə tərcüməçisi: “Romanın ilk nəşrində həbsdəydim” - MÜSAHİBƏ - FOTO

“Yüz ilin tənhalığı” romanının türkcəyə tərcüməçisi: “Romanın ilk nəşrində həbsdəydim” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTO
# 17 may 2014 08:36 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İngiliscədən türk dilinə 160-cı tərcümə kitabını çapa hazırlayan məşhur tərcüməçi-tənqidçi Seçkin Səlvinin APA-ya müsahibəsi

- Qabriel Qarsia Markesin ölümüylə dünya ədəbiyyatı nə dərəcədə dəyər itirdi?

- Markesin ölümüylə dünya ədəbiyyatında bir çağ qapandı. “Magik realizm” onun adıyla simvollaşmış bir cərəyandır. O cərəyana mənsub başqa yazarlar var, amma məncə o cərəyanın ən böyük yazarı Markes idi. Markesin ölümüylə o cərəyanın da qapandığını deyə bilərəm.

- “Yüz ilin tənhalığı”nı türk dilində ilk dəfə 1972-də çap etdirsəniz də, çox təvazökar davranaraq, özünüzü ön plana çıxarıb reklam etməmisiniz.

- “Yüz ilin tənhalığı” ilk dəfə çap ediləndə həbsxanada idim.

- Sizi niyə həbs edirdilər?

- Türkiyədə yaşadığıma görə (gülür). 1971-də ordunun hökumətə verdiyi ultimatumdan sonra, 1974-də isə tərcümə etdiyim bir kitaba görə həbs etmişdilər.

- 1980-ci il hərbi çevrilişində tutulmadınız ki?

- Yox, nəyə görəsə o vaxt məni həbs etməyi unutdular (gülür).

- “Yüz ilin tənhalığı” dünyada məşhur olar-olmaz siz onu türkcəyə tərcümə etmisiniz.

- Bəli, Qarsia Markesin Türkiyədə yayınlanan ilk kitabı “Yüz ilin tənhalığı”dır.

- Markeslə görüşmək imkanınız oldumu?

- Xeyr, onunla bir araya gələ bilmədik. Kaş ki, görüşmək imkanı olsaydı. ”Can” nəşriyyatı onu Türkiyəyə gətirmək istəyirdi, təəssüf ki, bunu həyata keçirmək mümkün olmadı, Markesin xəstəliyi bu niyyətimizin gerçəkləşməsinə əngəl oldu. Mən onun “Şər saatı” kitabını da türkcəyə tərcümə etmişəm, hazırda 57-ci nəşri çapa hazırlanır. Markesin “Can” yayınlarında çıxmış bütün kitablarının redaktoru mənəm. Türkcə bütün əsərlərinin çap hüququ bizdədir.

- Ölümündən sonra onun kitablarının satışındakı artışla bağlı statistik məlumatlar gəldimi?

- Təbii ki, satışlarda artış oldu.

- İngiliscədən tərcümə etdiyiniz kitabların sayı neçədir?

- Hal-hazırda 160-cı kitabı tərcümə edirəm.

- Paul Austerin “Qış günəşi” romanı ABŞ-da ingiliscə çıxmazdan əvvəl sizin tərcümənizdə türkcə çıxmışdı. Bu qədər sürətlə necə işləyə bilirsiniz?

- O əsərin ABŞ-da çapı gecikdiyinə görə biz onlardan qabağa düşdük (gülür). Çox gərgin bir iş tempi içində işləyirəm.

- Əvvəlki söhbətlərimizin birində demişdiniz ki, normal çalışdığım günlərdə bir gündə 32-40 min işarə arasında tərcümə edə bilirəm. Yenə eyni tempdə davam edirsiniz?

- Artıq o tempdə çalışa bilmirəm, çünki həm “Can” yayınlarında bütün günü işləyirəm, həm də axşam evdə işləmək artıq çətin gəlir. Buna baxmayaraq, iş məhsuldarlığım pis deyil. “Milliyet” qəzetinin “Sənət” əlavəsində tənqidə dair yazılar yazıram, ondan başqa, “Milliyet” qəzetinin internet saytına yazıram.

- Türkiyədə yazarlar və sənətkarlar üzərindəki təzyiq barədə nə deyə bilərsiniz?

- Pis günlərdəyik və daha pis günlərə gedirik. Təəssüf ki, hər sahədə. Mən həyatımda ilk dəfə bu qədər pessimist olmuşam. Hərbi çevrilişlər dönəmində belə bu qədər ağır təzyiqlə üzbəüz qalmadım və pessimist olmadım. Hərbi çevriliş dönəmlərində məhkəmələrdə əleyhimə o qədər iddialar olmasına baxmayaraq, heç vaxt xaricə getməyi düşünmədim. Amma indi 15 yaş cavan olsam, bir an da ölkəmdə durmaram. Bu durumun düzələcəyinə də inanmıram.

- Sizcə, bu, qlobal konyunkturanın da gətirib-gəldiyi bir durumdur, yoxsa sadəcə hökumətlə bağlıdır?

- Məncə, hökumətin özünün yaratdığı bir durumdur.

- Bir neçə gün əvvəl dünyada media azadlığı indeksləri açıqlandı, Türkiyə media azadlığını itirən ölkələr liqasına düşdü. Sizcə, bunun səbəbi nədir? Niyə Cənubi Amerika ölkələrinin başdan ayağa hamısı yarı azad ölkələr sırasındadır, Türkiyə isə azad olmayan ölkələr liqasına düşdü?

- Bunun səbəbini, hər şeydən əvvəl, 17 dekabrda ayaqqabı qutularından çıxan dollarlarda axtarmaq lazımdır. Kassalardan çıxan pulların haqq-hesabı soruşulmadığına görə Türkiyə aşağı liqaya düşdü. Sadəcə mətbuat və düşüncə azadlığı sahəsində deyil, getdikcə hər sahədə aşağı liqaya düşəcəyik. Aşağı liqaya düşmək bizim xalqımızın vecinə deyil. Yəqin ki, bu idiom sizdə də var: insan dibə vurandan sonra yuxarı çıxar, ancaq biz dibə vurandan sonra yuxarı çıxa bilmirik, çünki bizim dibimiz palçıqdır.

- Sizcə, bu durum Türkiyədəki aydınlanma hərəkatlarının baş tutmamasından irəli gəlirmi? Çünki bu ölkənin aydınları ümumilikdə ya ölkədən qovulublar, ya da həbsxanalarda çürüdülüblər.

- Türkiyədəki insan materialının problemli olmasından irəli gəlir. Bütün devrimçi hərəkatları yapan gənclərin qarşısına o xalq çıxdı. Elə isə o gənclər devrimləri o xalq üçün həyata keçirmək istəyirdi. Təsəvvür edin ki, 3 gündən bəri “Twitter”i aça bilmirəm. İndi baş nazir kreslosunda oturan adam yayda prezident kreslosuna oturarsa, durum daha pis olacaq. Xaricdəki dostlarımız və həmkarlarımızla görüşəndə onlar da bu narahatlıqlarını gizləmirlər.

- Bu proseslər Türkiyədə dini inqilaba qədər aparıb çıxara bilərmi?

- Heç bir şey bilmirəm. Dediyim kimi, həyatımın ən pessimist dönəmini yaşayıram. Baxın, Soma kömür mədənindəki faciənin gerçək səbəbinin belə üstünü örtməyə çalışırlar, yandaş yazarlar Soma faciəsiylə Gəzi olayları arasında bağlantı qurmağa çalışırlar. Belə bir şeyə vicdanları necə əl verir? Bütün bunların ölkəni çürütdüyünə inanıram.

- 160-cı tərcümə kitabınızın təqdimat mərasimi nə vaxt olacaq? Dünya miqyasında rekord ola bilər.

- Tərcüməçilik fəaliyyətimin 50-ci iliylə bağlı mərasim keçirilmişdi, indi 57-ci ilimdəyəm. Yaşasam, tərcüməçilikdə 60-cı il mərasimimi keçirərik.

- 60-cı ildə 170-ci tərcümə kitabınızla, eləmi?

- (Gülür) O vaxt Türkiyənin durumu da yaxşılaşar və tərcüməçilikdə 60-cı ilimizi ölkəmizin gələcəyi baxımından optimist ortamda keçirərik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR