AMEA-da doktorantların konfranslarının yeni formada təşkili təklif edilir

AMEA-da doktorantların konfranslarının yeni formada təşkili təklif edilir
# 14 may 2014 12:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin dekabrında Azərbaycan Alimlərinin I qurultayının keçirilməsi nəzərdə tutulur.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib ki, indidən akademiyada qurultaya hazırlıq görülür.

Onun sözlərinə görə, qurultayın əsas məqsədi alimlərin bir-biri ilə münasibətlərini bir qədər də təkmilləşdirmək, genişləndirərək yeni bir səviyyəyə qaldırmaqdan ibarətdir: “Qurultayda dövlət, respublikanın bəzi idarəçilik orqanları, ali təhsil müəssisələri, ictimai təşkilat nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bundan əlavə, xaricdən də bəzi qonaqlar dəvət olunacaq. Qurultaya çağırılacaq xarici qonaqlar gəlib elmimizin səviyyəsini, nailiyyətləri görəcək, sonra da onlarla ünsiyyət yaradıb beynəlxalq əlaqələri bir qədər geniş şəkildə təşkil edəcəyik”.

AMEA prezidenti akademiyada təşkil olunan doktorantların konfranslarına da münasibət bildirib. Onun sözlərinə görə, bu konfransların keçirilməsinin nə seçimdə, nə də doktorantların özünün elmi inkişafına heç bir təsiri, böyük effekti olmadığı üçün onların keçirilməsi dayandırılıb: “Belə qərara gəldik ki, onlar hamısı formal xarakter daşıyır. Hazırda yeni forma - multi-konfransların keçirilməsi təklif edilir. Bölmələrdən xahiş olunur ki, bununla bağlı indidən düşünülsün və Rəyasət Heyətinə təklif versinlər. Biz bilmək istəyirik ki, doktorantlar prioritet istiqamətə necə münasibət bəsləyir, onların yeniliklərdən xəbərləri var, ya yoxdur. Bunu da doktorantların seminarı formasında multi-konfrans keçirərək bilmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR