Novruz Bayramına kimi Şirvanşahlar sarayında yeni muzey ekspedisiyası yaradılacaq

Novruz Bayramına kimi Şirvanşahlar sarayında yeni muzey ekspedisiyası yaradılacaq
# 25 dekabr 2013 10:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Novruz Bayramına kimi Şirvanşahlar sarayında tam müasir, dünya standartlarına cavab verən yeni muzey ekspedisiyası yaradılacaq. APA-nın xəbərinə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev jurnalistlərə açıqlamasında deyib ki, Şirvanşahlar sarayında əlavə otaqlar boşaldılıb və ekspedisiyaya əlavə edilib. Onun sözlərinə görə, əvvəllər ekspedisiyaların sayı 6-7 idisə, bundan sonra onların sayı 11-12 olacaq. S.Nuriyev qeyd edib ki, Şirvanşahlar sarayında müasir informasiya texnologiyaları, multimedia texnikalarından istifadə edilərək çox yeni muzey ekspedisiya yaradılacaq.

İdarə rəisi əlavə edib ki, gələn il bir sıra tarixi abidələrin bərpasına başlanacaq. Onun sözlərinə görə, bu il Marionet teatrı üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazisində xüsusi bina ayrılıb: “Onun sənədləri hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb. Bu aydan həmin Marionet teatrının bərpası işlərinə başlanacaq və bu proses 2 il ərzində tam başa çatdırılacaq. Orada həm teatrın səhnəsi, Marionet kuklaların təmiri və düzəldilməsi üçün kiçik sexlər, qonaqları qəbul etmək üçün müəyyən şərait yaradılacaq”.

S.Nuriyev idarə daxilində olan muzeylərin qiyməti məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu gün idarə daxilində olan muzeylərdə qiymətlər kifayət qədər münasibdir: “Böyüklər üçün 2 manat, tələbələr üçün 1 manat, uşaqlar üçün 20 qəpik təşkil edir. Qız qalası və Şirvanşahlar sarayının yeni muzey ekspedisiyaları açılandan sonra qiymətlərə yenidən baxılmasına ehtiyac qalmayacaq. Bütün yeniliklərə baxmayaraq, muzeylərdə qiymətlərin artımı gözlənilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR