“Bank Technique”: “Bank of Azerbaijan”la birləşə biləcəyimizlə bağlı məlumatlar həqiqətə uyğun deyil

“Bank Technique”: “Bank of Azerbaijan”la birləşə biləcəyimizlə bağlı məlumatlar həqiqətə uyğun deyil
# 22 may 2014 16:00 (UTC +04:00)

Bunu “APA-Economics”ə açıqlamasında “Bank Technique”nin marketinq qrupunun baş mütəxəssisi Rövşən Kazımov deyib.

Onun sözlərinə görə, “Bank of Azerbaijan”ın “Bank Technique”yə heç bir aidiyyəti yoxdur: “Bank of Azerbaijan”ın bizim bankın nəzarətinə götürülməsi haqqında söhbət belə gedə bilməz. Bu banklar bir-birinə rəqib olan iki ayrı bankdır. Gələcəkdə bu bankların konsolidasiyası, yəni birləşməsi də istisna olunur”.

“Bank Technique”nin Audit Komitəsinin sədri Mehman Məmməd oğlu İsmayılovun “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunmasına gəlincə, R.Kazımov bunları deyib: “Mehman İsmayılov bu gün öz ərizəsi ilə işdən çıxıb və yeni vəzifəyə gedib. Biz də bilirik ki, o, “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Ona uğurlar arzu edirik”.

Qeyd edək ki, bu gün “Bank of Azerbaijan” ASC-də Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı keçirilib. İclasda “Bank of Azerbaijan”ın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

Qərara əsasən, Mehman Məmməd oğlu İsmayılov bankın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev Müşahidə Şurasının üzvləri seçiliblər. Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Məhəmmədəli Mahir oğlu Aslanova həvalə edilib. Fərid Eldar oğlu Orucov və Fərid Temraz oğlu Orucov İdarə Heyəti sədr müavinləri, Elşad Oqtay oğlu Kərimov və Nicat Nizami oğlu Xəlilov isə İdarə Heyətinin üzvləri seçiliblər.

Xatırladaq ki, "Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri indiyədək “Baghlan Group”un rəhbəri Hafiz Məmmədov olub. Yeni sədr M.İsmayılov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Ümumi İqtisadiyyat fakültəsini bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetin Maliyyə və Kredit fakültəsini magistr dərəcəsi üzrə bitirib. 2004-2012-ci illərdə Mərkəzi Bankda İqtisadçı vəzifəsindən, Şöbə rəisi vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyul ayından “Bank Technique” ASC-nin Audit Komitəsinin sədri vəzifəsini tutub.

Xatırladaq ki, "Bank of Azerbaijan”da problemlərin olması ilə bağlı son bir ayda Azərbaycan mətbuatında ardıcıl yazılar dərc olunub. Mərkəzi Bankın sədri Elman Rüstəmov da "Bank of Azerbaijan”da likvidlik problemi olduğunu bildirib.

Qeyd edək ki, “Bank of Azerbaijan”ın əsası Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında 1993-cü ilin dekabr ayının 1-də qoyulub. Bankın səhmlərinin böyük hissəsi “Bağlan Group”un rəhbəri, iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsus olub: Məmmədov Kənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Mübariz Məcid oğlu 6 030 000 AZN (12,07%) və NEM Holdinq 335 000 AZN (0,67%). Onların səhmdarlar arasında qalıb qalmadığı isə hələ ki, məlum deyil. Buna qədər bankın 2 fiziki şəxs (Məmmədov A. - 81%, Məmmədov M. - 18%) və bir hüquqi şəxs («NEM Holding» - 1%) səhmdarı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR