İstanbulda “Şimali İraq nefti və Türkmənlər” mövzusunda toplantı keçirilib

İstanbulda “Şimali İraq nefti və Türkmənlər” mövzusunda toplantı keçirilib
# 22 fevral 2014 14:46 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda “Şimali İraq nefti və Türkmənlər” mövzusunda toplantı keçirilib.

APA-nın məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfinin təşkil etdiyi toplantının açılışında Qarabağda, Kərkükdə, Suriyada, Şərqi Türküstanda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Toplantıda çıxış edən İraq-Türkmən İnsan Haqları Dərnəyinin fəxri sədri, doktor Nefi Dəmirçi bölgədə Türkmənlərin son 100 ildə yaşadığı problemlər barədə tarixi perspektivdə geniş məlumat verib. Türkmən bölgəsində son dövrlərdə cərəyan edən iqtisadi və siyasi proseslər haqqında danışan N. Dəmirçi, regiondakı prosesləri sadəcə Şimali İraq kürdlərinin mənafeyi baxımından dəyərləndirməyin düzgün olmadığını bildirib.

Tədqiqatçı, doktor Cüneyt Mengu isə Şimali İraq bölgəsinin neft mənbələrinə hakim olmaq uğrunda beynəlxalq miqyasda uzun müddətdən bəri aparılan mübarizədən danışıb. Türkiyənin Şimali İraq siyasətini tənqid edən C.Mengu hökuməti bölgədə təktərəfli siyasət aparmamağa və cərəyan edən proseslərə İraq Türkmənlərini də daxil etməyə çağırıb. C.Mengu Türkiyə hökumətinin bölgədə cərəyan edən proseslərə Türkmənləri qatmamağa davam edəcəyi halda, Kərkükün statusunun müəyyənləşməsində böyük sıxıntılar yaşanacağını vurğulayıb.

Toplantının sonunda məruzəçilər sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR