Zaqatalada “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib

Zaqatalada “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib
# 21 fevral 2014 13:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Polisin təşəbbüsü ilə Zaqatala rayonunda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Zaqatala RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib. Xüsusilə vurğulanıb ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquq normalarına tam cavab verir.

Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Elman Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri İbrahim İbrahimov, rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov və digər şəxslər mövzu ətrafında çıxış ediblər.

Qeyd olunub ki, müxtəlif xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Zaqatala rayonunda da hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin olunur, ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir çox dövlətləri üçün nümunə hesab olunacaq səviyyədə tolerant münasibət bəslənilir.

Qeyd edilib ki, dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, "Dini etiqad azadlığı haqqında" qanun və digər normativ-hüquqi aktlar ilə tənzimlənir. Cinayət və İnzibati Xətalar məcəllələrində dini zəmində baş verə biləcək qanun pozuntusuna görə müvafiq maddələrdə məsuliyyət nəzərdə tutulub. Radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq icraya yönəldilib. Həmin Planının icrası ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qeyri-qanuni dini fəaliyyətin, separatçı və ekstremist yönümlü hərəkətlərin qarşısının alınması, «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi ilə əlaqədar bir sıra konkret tədbirlər görülüb.

Konfransda mövzu ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR