Əli Hüseynli: “Bu gün kompüter cinayətlərinin aşkarlanması problemdir”

Əli Hüseynli: “Bu gün kompüter cinayətlərinin aşkarlanması problemdir”
# 11 iyun 2013 12:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün AŞPA tərəfindən Bakıda keçirilən “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans çərçivəsində Xüsusi Alt Komitənin iclasında bildirib.

Komitə sədri qeyd edib ki, internetin yeniyetmələrin həyatına müdaxilə etməsi dövlət qurumlarını müəyyən dərəcədə problemlərlə üzləşdirir: “Bu isə öz növbəsində Azərbaycanda uşaqların internet təhlükəsizliyi problemini aktuallaşdırır. Odur ki, bu problemin həllində hamının birləşməsinə ehtiyac var”. Ə. Hüseynli təklif edib ki, bu problemin qarşısının alınması üçün vətəndaş cəmiyyəti, özəl sektorun və beynəlxalq qurumların birliyinə ehtiyac var: “Həmçinin bu məsələdə tənzimləyici və özünütənzimləyən mexanizmlərin yaradılmasını ortaya qoymalıdır. Orta məktəblərdə, təlim-tərbiyə müəssisələrində, xüsusilə az yaşlılar arasında internetdən istifadəyə məsul şəxslər təyin olunsunlar və onlar bu işə nəzarəti həyata keçirsinlər. Bununla yanaşı aidiyyəti qurumlarda internetdən istifadə zamanı təhlükəsizlik məsələlərinə nəzarət edəcək strukturların yaradılması da mümkündür”.

Ə. Hüseynli 2009-cu ildə Azərbaycanın kibercinayətkarlığa qarşı Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq bildirib ki, bu müddət ərzində bu sahədə əhəmiyyətli islahatlar da həyata keçirilib: “Konkret olaraq cinayət məcəlləsinə “kiber cinayətlər” adla fəsil əlavə olunub. Komitə sədri onu da vurğulayıb ki, bu gün kompüter cinayətlərinin, kiber cinayətlərin aşkarlanması problemdir: “Bunun üçün mütəxəssislərə ehtiyac var. Hər halda güc strukturlarımızda bu işlə əlindən gələni edən ixtisaslaşmış korpus var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR