Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub - FOTOSESSİYA

Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub - <span style="color: red;">FOTOSESSİYA
# 27 sentyabr 2013 10:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Malıy Teatrın səhnəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tamaşanın rejissoru Yonas Vaytkus olub.

Tamaşadan qabaq çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlu adından bu vacib mədəniyyət hadisəsinin təşkilatçılarına - Azərbaycan və Rusiya Mədəniyyət nazirliklərinə, Yuri Solominin rəhbərliyi altında Malıy Teatrın kollektivinə və Aleksandr Şarovskinin rəhbərliyi altında Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivinə təşəkkürünü bildirib. N.Axundova bildirib ki, 1920-ci ildə yaradılan Azərbaycan Dövlət Rus Dram Teatrı Bakıda çox məşhurdur: “Bu, təkcə teatr deyil, həm də rus mədəniyyətinin və dilinin mərkəzidir”.

Malıy Teatrın baş direktoru Tamara Mixaylova öz teatrlarının bu ilin may ayında Bakıya qastrol səfərindən danışıb: “Bu ilin may ayına qədər biz 42 il idi ki, Bakıda olmurduq. Bakılıların qonaqpərvərliyindən və ordakı atmosferdən o qədər məmnun qaldıq ki, bütün gücümüzlə Moskvada həmin qonaqpərvərliyə layiqincə cavab vermək qərarına gəldik”.

Rus Dram Teatrının bədii rəhbəri A.Şarovski isə çıxışında bu mədəniyyət bayramının təşkilatçılarına və sponsorlarına təşəkkürünü bildirib.

Daha sonra “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub. Tamaşada Nizamı Gəncəvi rolunu Azərbaycanın əməkdar artisti Fuad Osmanov canlandırıb. Baş rollarda isə Murad Məmmədov və Maqsud Məmmədov çıxış ediblər. Digər rollarda Azərbaycanın xalq artisti Murad Yegizarov və əməkdar artist Naina İbrahimova yaddaqalan səhnə obrazı yaradıblar.

Tamaşa təkcə aktyor oyunu ilə deyil, həm də əsrarəngiz rəqslərlə tamaşaçıların zövqünü oxşayıb.

Qeyd edək ki, sentyabrın 27-də də Malıy Teatrın səhnəsində Azərbaycan Dövlət Rus Dram Teatrının dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası əsasında tamaşası səhnəyə qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR