Bu il Azərbaycanda pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb

Bu il Azərbaycanda pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb
# 26 dekabr 2013 11:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirilib. Onun sözlərinə görə, keçirilən reydlər nəticəsində dövlət qeydiyyatına alınmamış və yararlılıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib. Nazir mavini qeyd edib ki, son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirilib. Hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.

E. Ağayev qeyd edib ki, hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir: “Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Tibb fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi işinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə müasir tələblərə uyğun dürüst və şəffaf üsullarla həyata keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə xüsusi komissiya və Analitik Ekspertiza Mərkəzində müvafiq şöbə yaradılmışdır. Bu sahədə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək, onlar barədə müvafiq tədbir görülüb”.

Nazir müavini vurğulayıb ki, bu il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılıb. İl ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən 1566 elektron xidmət vasitəsilə müraciət daxil olub. Bundan əlavə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR