ABŞ senatorları İrana qarşı ölkə prezidentinin veto qoya bilməyəcəyi yeni sanksiya layihəsi hazırlayırlar

ABŞ senatorları İrana qarşı ölkə prezidentinin veto qoya bilməyəcəyi yeni sanksiya  layihəsi hazırlayırlar
# 23 dekabr 2013 06:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Senatının bir qrup üzvü İrana qarşı tətbiq edilməsi planlaşdırılan və ölkə prezidentinin veto qoya bilməyəcəyi yeni sanksiya qanunu hazırlayırlar.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, layihənin əsas müəllifi ABŞ Senatının demokratlar fraksiyasının rəhbəri Harri Reyddir. Onun yeni sanksiya layihəsini ABŞ Senatının səsverməsinə çıxarmaq üçün gələn ay təqdim edəcəyi bildirilir. H. Reydin təqdim edəcəyi yeni sanksiya qanununu dəstəkləyən senatorlar da Ağ Evin təhdidinə cavab olaraq layihəni veto qoyula bilməyəcək təsdiqləmək niyyətindədirlər.

Qeyd edək ki, ABŞ Senatının bir qrup üzvü İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir. Layihə dekabrın 19-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez tərəfindən 26 senatorun imzasının olduğu məktubla quruma təqdim edilib. Onlardan 13-ü Respublikaçılar, 13-ü isə Demokratlar partiyalarından olan senatordur. Bu layihə rəsmi Tehranın İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Planını yerinə yetirməyəcəyi və ya yekun sazişi imzalamaqdan imtina edəcəyi təqdirdə tətbiqini nəzərdə tutulur. Eyni zamanda layihə növbəti bir il ərzində İranın neft ixracına və bir neçə sənaye sektoruna sanksiya qoyulmasını özündə ehtiva edir. Bundan əlavə, layihə həmçinin ABŞ hökumətini İranın nüvə proqramının qarşısını almaq üçün həyata keçirəcəyi hərbi müdaxiləyə hər cür hərbi, diplomatik və iqtisadi dəstək verməyə məcbur edir.

Lakin ABŞ Senatının Demokratlar Partiyasından olan on komitə sədri İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıb. Bunlar Tim Conson (ABŞ Senatının Bankçılıq Komitəsinin sədri), Dayan Faynştayn (Kəşfiyyat), Karl Levin (Silahlı Qüvvələr), Barbara Mikulski (Büdcə Təxsisatları), Barbara Bokser (Ekologiya), Con Rokfeller (Ticarət), Tom Karper (Milli Təhlükəsizlik), Patrik Lihi (Ədliyyə), Ron Vayden (Enerji) və Tom Harkindir (Səhiyyə). Onlar indiki şəraitdə İrana qarşı yeni sanksiya tətbiq edilməsini məqbul saymayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR