Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında iştiraka dəvət olunub

Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında iştiraka dəvət olunub
# 10 dekabr 2013 13:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının Baş investisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd əl-Osman və Şahzadə Səud bin Xalid əl-Feysəl ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev bildirib ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla inkişaf edir: «Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti də ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır. Səudiyyə Ərəbistanı kapitallı şirkətlər ölkəmizdə uğurla fəaliyyət göstərir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. Səudiyyə İnkişaf Fondu tərəfindən ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində layihələr həyata keçirilir».

Ş.Mustafayev iki ölkə arasında əlaqələrin inkişafında dekabrın 11-də III iclası keçiriləcək İqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə hökumətlərarası Komissiyasının, iş adamları arasında əlaqələrin genişləndirilməsində isə bu gün keçirilmiş biznes forumun əhəmiyyətini qeyd edib.

Səudiyyə Ərəbistanının Baş investisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd əl-Osman ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələr arasında geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə ixracyönümlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı, irimiqyaslı regional layihələrin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə biznes forum, sərgi və yarmarkaların keçirilməsi və s. məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR