Azərbaycanda ötən il müxtəlif cinayətlər törədən 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib

Azərbaycanda ötən il müxtəlif cinayətlər törədən 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib
# 22 yanvar 2014 09:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ötən ilin yekunlarına həsr olunan müşavirədə məlumat verib. O, qeyd edib ki, həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 129 cinayət faktı müəyyən edilib, açılması təmin olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə göndərilib. Ötən il respublika üzrə 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Onlar tərəfindən bütövlükdə 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilib. Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülüb. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunub.

İqtisadi fəaliyyət və dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərə zərər vuran saxta pul və qiymətli kağızlar hazırlama və satma, rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə mübarizə tədbirləri də davamlı olub. 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR