Yanvar ayında Bakıda 132 sahibkara 21,4 mln. manat güzəştli kredit verilib

Yanvar ayında Bakıda 132 sahibkara 21,4 mln. manat güzəştli kredit verilib
# 31 yanvar 2013 11:03 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunun Binə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdən əvvəl əsas hissəsi Fondun ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş Binə qəsəbəsində İstixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində SKMF tərəfindən Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun və istixana şəraitində müasir şitilçilik təsərrüfatının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in fəaliyyəti barədə məlumat verən fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 415 investisiya layihəsinin maliyyələşdirilməsinə 82,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 3200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 15 sahibkarlıq subyektinə 10,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə bu ilin yanvar ayı ərzində 132 sahibkarlıq subyektinə 21,4 mln. manat, o cümlədən Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən 15 sahibkara 10,6 mln. manat güzəştli kreditlərin verilməsi təmin edilib. Bu kreditlər hesabına 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR