Bakı məktəblərini bitirən abituriyentlərin qəbul imtahanlarında topladığı bal orta göstəricidən 7.4% yuxarı olub

Bakı məktəblərini bitirən abituriyentlərin qəbul imtahanlarında topladığı bal orta göstəricidən 7.4% yuxarı olub
# 01 fevral 2013 08:52 (UTC +04:00)

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə deyib.

O bildirib ki, paytaxt abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 238.911-ə bərabərdir. Abituriyentlərin göstəricilərinə gəlincə, TQDK sədri vurğulayıb ki, şəhərin abituriyentlərinin yalnız 33.42 faizi 300-dən yuxarı bal toplayıb: “Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 2.30 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 51.29 faizdir”.

TQDK sədri qeyd edib ki, 2012-ci ildə Bakı şəhərin ümumtəhsil müəssisələrini 21837 şagird bitirib, onların 20166 nəfəri buraxılış imtahanında iştirak edib və 19518 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. O bildirib ki, paytaxt məzunlarının buraxılış imtahanında ana dili fənni üzrə topladıqları orta bal 18.31, riyaziyyat fənni üzrə topladıqları orta bal 17.30, hər iki fənn üzrə birlikdə topladıqları orta bal 35.61-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 17.22%, 21.11%, 19.08% yuxarıdır. Buraxılış imtahanında ana dili fənni üzrə məzunların 1.10 faizi “2”, 39.80 faizi “3”, 39.57 faizi “4”, 19.53 faizi “5”, riyaziyyat fənni üzrə isə 2.49 faizi “2”, 39.08 faizi “3”, 42.44 faizi “4”, 15.99 faizi “5” qiymət alıb. Ümumilikdə 20250 nəfər attestat alıb. Attestat alanların 88.11 faizi (17842 nəfər) qəbul imtahanlarında iştirak edib.

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9234 məzunu (imtahanda iştirak edənlərin 51.75 faizi) tələbə adını qazanıb. Onların 34.04 faizi (3143 nəfər) dövlət, 0.80 faizi (74 nəfər) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48.83 faizi (4509 nəfər) dövlət, 16.33 faizi (1508 nəfər) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Paytaxt məzunlarının 1580 nəfəri 500-dən, o cümlədən 442 nəfəri 600-dən yuxarı bal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR