Bakı Ali Neft Məktəbinin rektoru Zərifə Əliyeva adına liseydə görüş keçirib

Bakı Ali Neft Məktəbinin rektoru Zərifə Əliyeva adına liseydə görüş keçirib
# 04 aprel 2013 11:53 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, prorektor Ramiz Hümbətov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kəmalə Paşayeva və akademik Zərifə Əliyeva adına liseyin məzunu olmuş BANM-in 10 tələbəsi akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird heyəti ilə görüş keçiriblər.

APA-Economics”in xəbərinə görə, tədbiri giriş sözü ilə açan liseyin direktoru Məhəbbət Vəliyeva liseyin kollektivi adından qonaqları salamlayaraq, BANM ilə əməkdaşlıqdan məmnunluq hissi keçirdiklərini qeyd edib.

Lisey haqqında qonaqlara məlumat verən M.Vəliyeva bildirib ki, liseyin 2012-ci ilin buraxılış ilində 600 baldan yüksək bal toplayan 10 məzunu bu gün BANM-in tələbəsidir: “Liseyin builki məzunları arasında da Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq istəyənlər çoxdur”.

BANM-in rektoru Elmar Qasımov çıxışında Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu təhsil islahatlarından danışıb. Bildirib ki, BANM-in yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi məhz ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirək” devizinin əyani sübutudur: “BANM-in yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmizin və ARDNŞ-ın həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır. Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub. Əldə olunmuş razılaşmaya əsasən, BANM-də tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi Heriot-Vatt Universitetinin tələblərinə uyğun həyata keçirilir və bunun nəticəsi olaraq məzunlara həm BANM-in, həm də Heriot-Vatt Universitetinin diplomları veriləcək. Bir il öncə iki ixtisas üzrə (“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi”) tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” açılacaq”.

E.Qasımov qeyd edib ki, BANM eyni zamanda İslam Dünyası Universitetləri Federasiyasının üzvüdür. O, BANM-in qısa zaman ərzində əldə etdiyi uğurlardan danışaraq bildirib ki, TQDK-nın 2012/2013-cü tədris ilində ali təhsil müəssisələrinin reytinq cədvəlində BANM I yer qazanıb və bir çox göstəricilərə görə ali məktəblər arasında liderdir: “I qrup ixtisasları üzrə qəbul imtahanlarında 600-dən çox bal toplayan 234 nəfərin 120-si məhz BANM-ə daxil olub”.

BANM rektoru E.Qasımov akademik Z.Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevaya BANM ilə əməkdaşlıq əlaqələrinin genişləndirdiyinə görə “Təşəkkür” plaketi, liseyin 7 müəlliminə BANM-ə qəbul olunmuş yüksək səviyyəli şagirdlər yetişdirdiklərinə görə “Təşəkkür” plaketi və kompüter hədiyyə verib. Şagirdlərə BANM haqqında ətraflı məlumatları özündə əks etdirən xüsusi hazırlanmış bukletlər paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR