Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsindəki texniki peşə məktəbinin açılışında iştirak edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsindəki texniki peşə məktəbinin açılışında iştirak edib
# 14 sentyabr 2012 13:55 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.

Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Mehriban xanım Əliyeva təhsil ocağının əvvəlki görüntüsünün əks olunduğu fotostendə baxıb.

Foyedə ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşədə ümummilli liderin abidəsi qoyulub. Abidə xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanıb.

Azərbaycanın birinci xanımına məlumat verilib ki, hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib.

Bildirilib ki, məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. 5 nömrəli texniki peşə məktəbində kino, video çəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotele montajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompüterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaq.

Burada təhsil iki illikdir. Bu il məktəbə ilk qəbul aparılıb və təhsil alacaq şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-ə çatacaq. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə bağlı peşələrin sirlərini öyrədəcəklər.

Məktəbin yeməkxanası ilə tanış olan Mehriban xanım Əliyeva burada yaradılmış şərait və səliqə-sahmandan razılığını bildirib.

Daha sonra Azərbaycanın birinci xanımı məktəbdəki çəkiliş və səsyazma studiyalarına, rejissor otağına baxıb. Məlumat verilib ki, ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar birbaşa yayım imkanlarına malikdir.

Mehriban xanım Əliyeva məktəbin akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanaları ilə də tanış olub.

Kitabxana ilə tanışlıq zamanı bildirilib ki, burada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də var.
Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilib. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilib. İdman zalının divarlarını Heydər Əliyev və Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı və diqqəti əks etdirən fotoşəkillər bəzəyir.

Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitdən razılığını bildirdi, burada tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR