Azərbaycanda gömrük rəsmiləşdirilməsi ilə məşğul olmaq istəyənlər attestat almalı olacaqlar

Azərbaycanda gömrük rəsmiləşdirilməsi ilə məşğul olmaq istəyənlər attestat almalı olacaqlar
# 24 sentyabr 2012 12:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov -APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydaları»nı təsdiqləyib. «APA-Economics»in məlumatına görə, bu qaydalar Gömrük Məcəlləsinə uyğun hazırlanıb.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatı Dövlət Gömrük Komitəsi tərəfindən veriləcək, belə ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.

Qaydalara əsasən, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər ali təhsilə malik olan Azərbaycanın fiziki şəxsləri ola bilərlər. Bu xidmətlərin göstərilməsi üçün şəxslər gömrük qanunvericiliyi və gömrük işi sahəsində - gömrük proseduraları, mal və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən keçirilmə qaydaları və şərtləri, xarici iqtisadi fəaliyyət və onun dövlət tənzimlənməsi, iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank işi, Komitə tərəfindən verilmiş hüquqlar çərçivəsində mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron məlumat sistemlərindən istifadə edilməsi və s. barədə biliklərə malik olmalıdır.

Qaydalara görə, gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının verilməsi məqsədi ilə namizədin biliyə malik olub-olmaması Komitə tərəfindən müasir texnologiyalardan istifadə edilməklə, test üsulu ilə müəyyən edilir. Gömrük brokeri kimi fəaliyyət göstərməsi üçün hüquqi şəxslər onların ştatında olan əməkdaşlara ixtisas attestatının verilməsi üçün Komitəyə yazılı və ya elektron formada müraciət edir və tələb olunan sənədləri təqdim edir. Təqdim edilmiş sənədlərə Komitə tərəfindən 5 iş günü müddətində baxılaraq, şəxsin testə buraxılması haqqında qərar qəbul edilir. Sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, namizədin testə buraxılmasından imtina edilir. Sənədlərdə çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizədin testdən keçməsi üçün tələb olunan sənədlər yenidən Komitəyə təqdim edilə bilər.

Testdən uğurla keçmiş namizədlərə 5 iş günü müddətində ixtisas attestatı verilir. İxtisas attestatının qüvvədə olma müddəti 5 ildir.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin öz vəzifələrini Gömrük Məcəlləsi və bu Qaydaların tələblərini və şərtlərini yerinə yetirməməsi barədə kifayət qədər əsaslar olduqda, Komitə tərəfindən ixtisas attestatının fəaliyyəti 1 il müddətinə dayandırılır. İxtisas attestatının fəaliyyətinin dayandırılması ilə razılaşmadıqda, mütəxəssis inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

İxtisas attestatının fəaliyyətinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda, həmin ixtisas attestatının fəaliyyətinin bərpa edilməsi üçün gömrük brokeri müəyyən olunmuş qaydada Komitəyə müraciət edir. Bu hallar 6 ay müddətində aradan qaldırılmadıqda, Komitə ixtisas attestatının ləğv edilməsi üçün məhkəməyə müraciət edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR