Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev anılıb - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev anılıb - <font color=red>FOTO</font>
# 20 iyun 2012 14:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Milli Ordusunun qurucularından biri, polkovnik-leytenant Şirin Mirzəyevin həlak olmasının 20 illiyi ilə əlaqədar döyüş dostları, yaxınları və ailə üzvləri onun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər. Ş. Mirzəyevin rəhbərlik etdiyi hərbi hissənin ilk kəşfiyyat dəstəsinin əsgərlərindən olan Rey Kərimoğlunun APA-ya verdiyi məlumata görə, ziyarətçilər Ş. Mirzəyevin Azərbaycanda milli ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar.

Tədbirdə mərhumun əsgərləri Firudin Məmmədov, kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, əsgər Rafiq Qarayev və həyat yoldaşı Flora Mirzəyeva çıxış ediblər. Keçmiş döyüşçülər son günlər cəbhə bölgəsində düşmənin atəşkəs rejimini pozması nəticəsində baş verən insidentlər zamanı Azərbaycan ordusu ilə bağlı yayılan qeyri-obyektiv və xoşagəlməz məlumatlardan təəssüfləndiklərini bildirib, torpaqlarımızın azad olunması üçün başlayacaq hərbi əməliyyatlarda ön sırada olacaqlarını deyiblər. Tədbirdə Ş. Mirzəyevin həyatından bəhs edən “Sərkərdə” kitabının müəllifi hərbi jurnalist İbrahim İbadoğlu da iştirak edib.

Xatırladaq ki, Ş. Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər ermənilərdən azad edilib.

O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib. 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində gedən döyüşlərdə həlak olub, iyunun 20-də Şəhidlər Xiyabanında dəfn olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR