Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda AŞ-nın Məşvərətçi Komitəsinin ekspert qrupunun üzvləri ilə görüş keçirilib

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda AŞ-nın  Məşvərətçi Komitəsinin ekspert qrupunun üzvləri ilə görüş keçirilib
# 12 iyul 2012 17:58 (UTC +04:00)
Bakı-APA. İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Avropa Şurası Məşvərətçi Komitəsinin ekspert qrupunun üzvləri ilə görüş keçirilib.

Toplantıda Fondun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmov iştirak edib. Görüşdə “Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası”nın ölkəmizdə icrası istiqamətində medianın gördüyü işlər müzakirə olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli Fondun yaranma tarixi və fəaliyyəti barəsində qonaqlara ətraflı məlumat verib. İcraçı direktor KİV-lərə dövlət dəstəyinin istiqamətləri haqqında, eləcə də milli azlıqların dilinin, mədəniyyətinin, adət və ənənələrinin qorunmasına və inkişafına mətbuatın verdiyi töhfələrdən də söz acıb. O qeyd edib ki, Fondun elan etdiyi müsabiqələrdə milli azlıqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması və inkişaf etdirilməsi ilə bağlı mövzulara xüsusi diqqət yetirilir. Ölkədə 90-a yaxın milli və etnik azlığın nümayəndəsinin yaşadığını söyləyən Vüqar Səfərli Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətə başlayandan milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə dəstəyi göstərildiyini də diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov milli azlıqların müdafiəsinin Şuranın daim diqqət mərkəzində olduğunu deyib. O bildirib ki, hazırda ölkədə etnik icmaların dilində 15-dən çox qəzet və jurnal nəşr olunur. Həmin qəzetlərin davamlı çıxması üçün Şura mümkün olan tədbirləri həyata keçirir. Sözü gedən qəzetlərin maddi texniki bazasının gücləndirilməsi də Şuranın diqqət mərkəzindədir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə qeyd edib ki, milli azlıqların sıx yaşadığı 5 bölgədə yerli teleradio kanalları fəaliyyət göstərir. Həmin telekanallarda daimi olaraq milli azlıqların mədəniyyətini, adət -ənənəsini əks etdirən verilişlər yayımlanır. Regional televiziyalardan başaq İTV-də bu məsələyə xüsusi önəm verir. Bu kanalda hətta sayı 5 mindən az olan xalqlar barəsində belə verilişlər gedir: “Radioda hər gün rus, fars, ingilis hətta erməni dillində verilişlər yayımlanır. Ölkədə kabel və peyk televiziyaları fəaliyyət göstərir ki, azlıqda olan xalqlar bundan sərbəst istifadə edə bilirlər. Bundan əlavə ölkədə rus dilində gündəlik radio və televiziya verilişləri yayımlanır”.

Daha sonra Fondun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətiriblər.

Sonda nümayəndə heyətinin rəhbəri Anastasiya Krikli aparılan səmimi söhbətə görə qarşı tərəfə öz təşəkkürünü bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR