ABŞ generalı: İran Venesuela üçün pilotsuz təyyarə istehsal edir

ABŞ generalı: İran Venesuela üçün pilotsuz təyyarə istehsal edir
# 10 mart 2012 04:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran Venesuela Silahlı Qüvvələri üçün pilotsuz təyyarə istehsal edir”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Cənub Komandanlığının komandanı, general Duqlas Frazer Vaşinqton şəhərində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İranın istehsal etdiyi pilotsuz təyyarələr ABŞ-ın «Predator»ları kimi yüksək texnologiyaya sahib deyil: “Daha çox “Scan Eagle” modelində pilotsuz təyyarələrdir. Ancaq Venesuelanın İrandan satın aldığı pilotsuz təyyarələrlə nə etmək istədiyini bilmirəm. Sadəcə həmin təyyarələrdən ölkə daxilindəki təhlükəsizliyi təmin etmək üçün istifadə ediləcəyini düşünürəm”. D. Frazer deyib ki, İranın Cənubi Amerikadakı fəaliyyətləri yalnız bununla məhdudlaşmır: “Rəsmi Tehran Cənubi Amerikadakı səfirliklərinin sayını artıq 5-dən 10-a çatdırıb və bəzi ölkələrdə mədəniyyət mərkəzləri açıb. İran mübahisəli nüvə proqramını dayandırmaması səbəbindən ABŞ və Avropa Birliyinin sanksiyalarına məruz qaldığından çıxış yolu axtarmaq üçün Cənubi Amerika ölkələrinə yönəlib. Yəni beynəlxalq sanksiyaların gücünü azaltmaq üçün diplomatik əlaqələri inkişaf etdirir”.

General ABŞ-ın İrandan əlavə HƏMAS və “Hizbullah”ın da Cənubi Amerikadakı fəaliyyətlərini yaxından izlədiyini vurğulayıb: “Bu iki təşkilatın Cənubi Amerikada qeyri-qanuni işlərdə əli var”. D. Frazer həmçinin Cənubi Amerikada “Əl-Qaidə”nin fəaliyyətini müşahidə etmədiklərini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR