“Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı kimi ailə əsaslı alternativ sosial xidmətlər” mövzusunda dəyirmi masa keçirilib

“Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı kimi ailə əsaslı alternativ sosial xidmətlər” mövzusunda dəyirmi masa keçirilib
# 16 mart 2012 09:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda “Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı kimi ailə əsaslı alternativ sosial xidmətlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Təhsil Nazirliyi nəzdində De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva bildirib ki, Azərbaycanda uşaqlar üçün himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı xidmətləri yaradılır. O deyib ki, mövcud dövlət uşaq müəssisələrin bir qismi qapalı şəkildə fəaliyyət göstərir, bu da uşaqları cəmiyyətdən müəyyən mənada uzun müddətə təcrid edir: “Mövcud müəssisələrə alternativ olaraq bir neçə ailə əsaslı qayğı modelləri mövcuddur. Bu modellərdən dördü, qısa və uzunmüddətli himayədar qayğı xidməti, kiçik qrup evi və müvəqqəti qayğı və ailə dəstək xidmətləri Azərbaycanda qurulmaqdadır”.

M. Hacıyeva qeyd edib ki, xidmətlər Avropa Birliyi, Avrasiya İnkişaf Agentliyi və Təhsil Nazirliyinin maliyyələşdirdiyi pilot layihə çərçivəsində həyata keçirilir. Layihə pilot olaraq Xəzər rayonunda gerçəkləşdirilir. Layihə çərçivəsində kiçik qrup evi inşa edilib və orada 10 nəfər yeniyetmə qız uşağının yerləşdirilməsi nəzərdə tutulur.

M. Haciyevanın sözlərinə görə, hazırda Azərbaycanda dövlət uşaq müəssisələrində 9776 uşaq var və onlardan 551 uşaq daimi internat müəssisəsi və uşaq evlərində ailə mühitindən təcrid olunmuş tərzdə təhsil və tərbiyə alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR