Azərbaycanda Ombudsmanın səlahiyyətləri artırılıb

Azərbaycanda Ombudsmanın səlahiyyətləri artırılıb
# 20 aprel 2012 09:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Milli Məclisin iclasında Cəzaların İcrası Məcəlləsinə əlavələr edilib. APA-nın məlumatına görə, əlavələr Ombudsmanın və Milli Preventiv Qrup üzvlərinin cəzaçəkmə müəssisələrinə başçəkmələrinin keçirilməsi ilə bağlı olub.

Məcəlləyə edilən dəyişikliyə əsasən, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) və Milli Preventiv Qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) isə cəzaçəkmə müəssisələrinin rəhbərliyinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ var.

Məcəlləyə edilmiş digər dəyişikliyə görə, Milli Preventiv Qrupa ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilməyəcək və bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndəriləcək.

Ombudsmanın fəaliyyəti ilə bağlı "İnformasiya əldə etmək haqqında" qanuna da dəyişiklik edilib.

Qanuna edilmiş əlavəyə əsasən, sorğuçu informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə məhkəməyə və ya insan hüquqları üzrə müvəkkilə (Ombudsmana) şikayət hüququna malikdir. Sorğunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah etməli və cavabda qeyd etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR