Bakıda BMT-nin Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət Dövrünün təqdimatı keçirilib - FOTOSESSİYA

Bakıda BMT-nin Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət Dövrünün təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 aprel 2012 14:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda “5 milyon həyat xilas edə bilərik!” şüarı altında BMT-nin Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət Dövrünün təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatda Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət Dövrünün sülhməramlı səfiri, “Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camal, Gürcüstan üzrə sülhməramlı səfir və “Eurovision-2012”də bu ölkənin təmsilçisi Anri Coxadze də iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların həyatı üçün təhlükə qaynağı olan yol qəzalarının acınacaqlı fəsadlarının azaldılması ilə əlaqədar çağırışların irəli sürülməsindən ibarətdir. Onillik fəaliyyət layihəsi qarşıdakı 10 il ərzində dünyada 5 milyon insanı ölümdən və 50 milyon insanı xəsarət almaqdan xilas etməyi planlaşdırır.

Tədbirdə bildirilib ki, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının keçirdiyi sorğu və müşahidələrə əsasən Azərbaycanda sürücülərin yalnız 27,1 faizi təhlükəsizlik kəmərlərindən istifadə edir. Bu göstərici ölkədə aktiv maarifləndirmə və təbliğat kampaniyalarına böyük ehtiyac olduğunun bariz sübutudur.

Təqdimatda Nigar Camalın Ukraynada çəkilən və təhlükəsizlik kəmərinin taxılmasını təbliğ edən videoklipi “Can’t Let You Go” əsasında hazırlanmış reklam çarxı da nümayiş olunub. N. Camal sükan arxasında oturan milyonlarla insanın nəzərinə çatdırıb ki, avtomobillərdə kəmərlərdən istifadə və uşaq oturacaqlarının olması mütləq haldır: “Mən ana kimi bunu məsləhət görürəm. Bütün bunlar təhlükəsizlik baxımından vacibdir. Sükan arxasında ehtiyatlı olun və avtomobilinizi sürətli idarə etməyin”.

A. Coxadze də təhlükəsiz avtomobil idarə etməyi məsləhət görüb və Bakıda keçirilən tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

Daha sonra N. Camal və A. Coxadzenin iştirakı ilə yol qəzalarının simulyatorunun nümayişi keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR