Bakıda Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçirilib
# 27 aprel 2012 09:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda Bolqarıstanın baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan işgüzar görüşü keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə Azərbaycan və Bolqarıstandan rəsmi şəxslərlə yanaşı, tikinti, nəqliyyat, logistika, əczaçılıq, quşçuluq, şərab məhsullarının, süd və qızıl gül yağının istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

İşgüzar görüşdə “Azpromo”nun rəhbəri Adil Məmmədov iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsində ikitərəfli görüşlərin, biznes forum və sərgilərin əhəmiyyətini qeyd edib, “Azpromo”nun fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, “Azpromo” sahibkarlarının ixrac və investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində iş adamlarına yaxından dəstək göstərir.

Bolqarıstan İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin nümayəndəsi Yordan Tenev iki ölkə arasında prioritet sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

Sonra “Azpromo” tərəfindən Azərbaycanın biznes və investisiya mühiti, Bolqarıstanın Ticarət və Sənaye Palatası və İşəgötürənlər və Sənayeçilər Konfederasiyası tərəfindən isə bu ölkənin biznes imkanlarına dair təqdimatlar keçirilib.

Tədbirdə “Azpromo” ilə Bolqarıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR