Dünən Bakıda havanın temperaturu orta sutkalıq temperatur normasından 6.6 dərəcə yüksək olub

Dünən Bakıda havanın temperaturu orta sutkalıq temperatur normasından 6.6 dərəcə yüksək olub
# 10 may 2012 09:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Mayın 9-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.6 dərəcə yuxarı olub, havanın maksimal temperaturu isə Bakıda 27.6 dərəcə isti təşkil edib ki, bununla da 1910-cu il may ayının 9-da olan (26.6 dərəcə ) sutkalıq rekord göstərici təzələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 11-dən 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 12-13-də atmosfer təzyiqinin normadan bir qədər aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR