Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 8% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 8% artıb
# 23 avqust 2012 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3% artaraq 384,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 421,8 manat, qeyri-neft sektorunda 355,5 manat, dövlət bölməsində 323,9 manat, özəl bölmədə 483,2 manat təşkil edib: «Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, nəqliyyat və anbar təsərrüfatı sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub».

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 212,1 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı isə 361,8 manat təşkil edib.

Qeyd edək ki, MDB-nin Hökumətlərarası Statistika Komitəsinin dərc etdiyi hesabata əsasən, ötən ilin yekunlarına görə, MDB ölkələrinin paytaxtları arasında ən yüksək orta aylıq əmək haqqı Moskva, Astana və Bakıda qeydə alınıb. Komitənin hazırladığı hesabata MDB-nin 9 ölkəsi daxil olub. Belə ki, Özbəkistan və Türkmənistan rəsmi məlumatlarını təqdim etməyib. Ötən il Moskvada orta əmək haqqı 43 272 rubl (1 368 ABŞ dolları) təşkil edib ki, bu da Astanadakı orta aylıq maaşdan təxminən 30%, Bakıdakı əmək haqqından isə təxminən 2 dəfə çoxdur. Belə ki, dollar ekvivalentində Astanada orta aylıq əmək haqqı 836,6 dollar, Bakıda isə 603,1 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR