Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının üzvləri Quba rayonu İcra Hakimiyyətinin başçısı ilə görüşüblər

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının üzvləri Quba rayonu İcra Hakimiyyətinin başçısı ilə görüşüblər
# 25 oktyabr 2012 20:53 (UTC +04:00)
Bakı-APA. Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Quba rayon İcra hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşüblər. Bu barədə APA Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir. M.Ağayev bu cür səfərlərin əhəmiyyətini yüksək qiymətləndirib. O, son illərdə Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramlarının bütün bölgələr kimi Quba rayonunda da mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı bildirib ki, Quba rayonu əsrarəngiz təbiəti, qədim tarixi, unikal mədəniyyət abidələri malik olmaqla yanaşı həm də müxtəlif dinlərin və xalqların nümayəndələrinin birgə mehriban, sülh, əmin-amanlıq şəraitində yaşadığı bölgədir. Qeyd olunub ki, xalqımızın ən yüksək dəyərlərindən biri olan dini və etnik tolerantlıq Quba rayonunun timsalında da öz təcəssümünü tapır.
Göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluq duyduqlarını bildiriblər. Onlar səfərin çox yaxşı təəssürat yaratdığını, Azərbaycanı yaxından tanımağa, xalqımızın zəngin mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, ölkəmizdə aparılan quruculuq işləri barədə daha geniş məlumat almağa imkan verdiyini diqqətə çatdırıblar. Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən qonaqlar, bu prosesin bütün regionları əhatə etməsini yüksək qiymətləndiriblər. Qonaqlar ölkəmizdəki tolerantlıq ənənələrindən də məmnunluq duyduqlarını vurğulayıblar.
Xatırladaq ki, Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 23-dən Bakıda səfərdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR