“Vergilər uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin 10 ilik yubileyi qeyd olunub

“Vergilər uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin 10 ilik yubileyi qeyd olunub
# 01 iyun 2012 12:27 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Yasamal rayonundakı Hüseyn Cavid adına parkda Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyi və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı ilə «Vergilər uşaqların gözü ilə» adlı rəsm müsabiqəsi keçirilib.
Nazirliyin analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən illərdən fərqli olaraq tədbir rəsm işlərinin sərgisi ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə uşaqlar üçün böyük bayram şənliyinin təşkil olunması ilə yadda qalıb.
Rəsm müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və tədris prosesi zamanı vergilər barədə müəllimlərdən və valideynlərindən aldıqları bilikləri kağız üzərinə köçürürlər. Ötən 10 il ərzində sərgidə ümumilikdə 2500-ə yaxın rəsm əsəri nümayiş etdirilib, illər ötdükcə sərgiyə təqdim olunan rəsmlər də xeyli təkmilləşib, mövzu çalarları zənginləşib. Builki müsabiqə 2012-ci ilin aprel ayından start götürüb, 250-dən çox rəsm nümunəsi Azərbaycan Rəssamlar İttifaqının baş katibi, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağəli İbrahimovun rəhbərlik etdiyi 6 nəfərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.
Yubiley tədbirini T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açıb, rəsm müsabiqəsinin əhəmiyyəti, uşaqların yaradıcılığına onun oynadığı rol barədə danışıb.
Çıxışlardan sonra rəsm müsabiqəsinin münsiflər heyətinin sədri, xalq rəssamı Ağəli İbrahimov rəsm və inşa üzrə bu ilki müsabiqənin qaliblərini elan edib, münsiflər heyətinin üzvləri tərəfindən onlara diplom və hədiyyələr təqdim olunub. İnşa müsabiqəsində Seymur Həşimov 1-ci, Aydan Kazımova 2-ci, Alsu Cavadova 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Firuzə Mahmudova 1-ci, Seyid Oqtay Həsənov 2-ci, Daşa Starikova 3-cü yerə, 9-12 yaş qrupu üzrə Məmməd Haqverdi 1-ci, Fuad Anzurov 2-ci, Məryəm Sultanova 3-cü yerə, 13-18 yaş qrupu üzrə Milana Süleymanova 1-ci, Mustafa Abdullayev 2-ci, Zümrüd İbişova 3-cü yerə layiq görülmüşlər.
Bundan başqa, ötən müsabiqələrdə qalib olmuş 5 nəfər gənc rəssama Vergilər Nazirliyinin xatirə hədiyyələr verilib.
Bayram şənliyi T.İsmayılov adına Uşaq-gənclər yaradıcılıq mərkəzinin gənc vokalçı və rəqqaslarından ibarət “Noğullar” və “Can bala” uşaq musiqi qruplarının, “Cücələrim” rəqs ansamblının, şən klounların və sehrbazların çıxışları ilə davam etmişdir. Rəsm sərgisi gün ərzində H.Cavid parkında nümayiş etdirilmişdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR