Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 597 min manat güzəştli kredit verilib

Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 597 min manat güzəştli kredit verilib
# 16 mart 2012 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunun Balçılı kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Tədbir çərçivəsində Göygöl rayonunun, o cümlədən tədbirin keçirildiyi Balçılı kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan südlük istiqamətli müasir heyvandarlıq, müasir quşçuluq komplekslərinin, üzümçülük təsərrüfatlarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev aqrar sahənin, eləcə də üzümçülüyün inkişafı ilə əlaqədar Fond tərəfindən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, həmçinin güzəştli kreditlər hesabına Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Göygöl rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib və qeyd edib ki, bu ilin əvvəlindən ötən dövr ərzində SKMF-in vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 406 investisiya layihəsinin maliyyələşdirilməsinə 41,3 mln. manat, o cümlədən respublikanın regionları üzrə 368 investisiya layihəsinin maliyyələşdirilməsinə 36,5 mln. manat və Bakı qəsəbələri üzrə 38 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 mln. manat güzəştli kredit verilib: «Bu layihələrin maliyyələşdirilməsi 1 500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Verilmiş kreditlərin 984 min manatı Gəncə-Qazax iqtisadi rayonunun payına düşür. Bu kreditlər əsasən sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm və digər sahələrə verilib».

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 597 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR