Ombudsmanın nümayəndələri 6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər

Ombudsmanın nümayəndələri 6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər
# 12 aprel 2012 07:57 (UTC +04:00)
Bakı-APA. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) növbəti uzunmüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqsəd həmin qrupun 6 saylı CÇM-ə əvvəlki başçəkmələr zamanı müəssisə rəhbərliyinə verilən tövsiyələrin icra vəziyyətinin araşdırılması, məhkumlarla rəftarın və saxlanma şəraitinin yoxlanılması, eyni zamanda CÇM-də saxlanılan şəxslərin qəbul edilməsi olub. Başçəkmə, o cümlədən cərimə təcridxanasına baxış zamanı müəssisədə 40-dək məhkum təklikdə, konfidensial şəkildə qəbul edilib. Müəssisədə müasir və çoxsaylı avadanlıqla təchiz olunmuş kompüter otaqlarının, məscidin olması, təmizliyə riayət edilməsi, yeni obyektlərin tikintisi, cərimə təcridxanasında və digər obyektlərdə aparılan təmir işləri, o cümlədən məhkumların asudə vaxtlarını səmərəli keçirməsi üçün burada kitabxananın, idman zalının təmiri, futbol və voleybol meydançalarının, başçəkmə günü müəssisə rəisinin də daxil olduğu və məhkumlardan ibarət komandanın futbol oyununun təşkili müsbət qiymətləndirilib.

Eyni zamanda bəzi nöqsanlar, o cümlədən cərimə təcridxanası kameralarının müasir standartlara tam cavab verməməsi, yeməkxana anbarında sanitariya qaydalarına tam riayət edilməməsi, CÇM-də sanitar qovşağının məhkumların sayına uyğun olmaması və digər hallar aşkar edilib. Baxış keçirilmiş müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Nəticələr nəzərə alınaraq, MPM Qrupunun həmin müəssisəyə təkrar başçəkmə həyata keçirməsi nəzərdə tutulub. Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə nazirinə müraciət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR