Quba hadisələrində təqsirləndirilən 9 nəfərin cinayət içi üzrə məhkəmə baxışı keçirilib

Quba hadisələrində təqsirləndirilən 9 nəfərin cinayət içi üzrə məhkəmə baxışı keçirilib
# 12 sentyabr 2012 14:41 (UTC +04:00)
Quba. Vəli Turan - APA. Bu gün Quba Rayon Məhkəməsində bu il mart ayının 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan daha 9 nəfərin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, Quba Rayon Məhkəməsinin hakimi Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkən şəxslər dindirilib. Təqsirləndirilən şəxslər bu ilin mart ayının 1-də aksiyada iştirak etdiklərini təsdiqləyiblər. Onlar özlərini Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilmədiklərini qeyd ediblər. Təqsirləndirilən şəxslərdən Fayizi Səxavət Ağahüseyn oğlu, Yunusov Xəyyam Sahib oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu aksiya zamanı Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibova məxsus evə daxil olduqlarını və şüşələri sındırdıqlarını, geyim əşyalarından bir neçəsini çölə atdıqlarını bildiriblər. Bundan əlavə, onlar polis əməkdaşlarına qarşı müqavimət və zor tətbiq etmədiklərini vurğulayıblar.

Təqsirləndirilən şəxslər məhkəməyə ifadəsində evin yandırılmasında iştirak etmədiklərini deyiblər. Təqsirləndirilən və zərərçəkən şəxslər daha sonra vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıblar.
Zərərçəkən polis əməkdaşları ifadələrində aksiyada iştirak edən bəzi şəxslərin sərxoş olduqlarını bildiriblər. Qeyd edək ki, zərərçəkənlər Daxili Qoşunların əməkdaşları, Xaçmaz, Quba və Qusar rayon polis şöbələrinin əməkdaşlarıdır.

Proses sabah davam etdiriləcək.

Qeyd edək ki, martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulan Qəribov Tapdıq Tacı oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Yunusov Xəyyam Sahib oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, İlyasov Rəşad Tahir oğlu, Məhərrəmov Elgün Nadir oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu və Mürşüdov Rafiq Vahid oğlu və Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR