Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak edib
# 21 sentyabr 2012 16:07 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verilib. APA-nın məlumatına görə, yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində və müşavirədə iştirak ediblər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.

Dövlət başçısı Akademiyanın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev prezident İlham Əliyevə məlumat verib ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu vardır. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır.

Dövlət başçısının 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürüb. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanıb. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və “Beynəlxalq əlaqələr və diplomatiya” sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılmışdır. 2011-ci ildən etibarən isə “Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər” üzrə bakalavr ixtisasları yaradılıb. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də var.

Fəaliyyətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcə artması Azərbaycan Diplomatik Akademiyasının yeni tədris korpusu ilə təmin olunması zərurəti yaradıb. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin Sərəncamı əsasında 2009-cu ildən paytaxtın Nərimanov rayonu ərazisində təhsil ocağının yeni tədris kompleksinin tikintisinə başlanılıb. Yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilib. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. .

Kompleksin ərazisi ilə tanış olan dövlətimizin başçısına bildirilib ki, burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilib. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulub. Kompleksin ətrafında geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR