«Joint Leasing» şirkəti maliyyələşdirməni genişləndirir

«Joint Leasing» şirkəti maliyyələşdirməni genişləndirir
# 21 may 2012 11:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Joint Leasing» şirkətinin lizinq portfelinin həcmi 2012-ci il aprelin 1-nə 32,860 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 12% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə maliyyələşdirilmiş layihələrin sayı aprel ayının 1-nə 188-ə çatıb. Həmin tarixə maliyyələşdirilmiş avadanlıqların dəyəri isə 26,12 mln. manat olub ki, budan 1,670 mln. manatlıq avadanlıq bu ilin yanvar-aprel ayları ərzində maliyyələşdirilib.

Şirkətin baş direktoru Elçin Əhmədovun sözlərinə görə, şirkət maliyyə imkanları baxımından hazırda bazarın ən fəal iştirakçısıdır: «Lizinqin bütün növlərini təklif edən şirkət hər zaman olduğu kimi bu gün də ölkə sahibkarlarının lizinq tələbatını problemsiz ödəməyə hazırdır».

«Şirkət 2012-ci ilin sonuna kimi maliyyələşdirdiyi layihələrin sayını və həcmini artırmaqda davam edəcək. Şirkətin səhmdarı olan, ölkənin ən böyük bank təşkilatı - Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi sayəsində ən iri lizinq layihələrini belə qarşılamağa hazır olan «Joint Leasing» ilin sonuna kimi göstəricilərini daha da yaxşılaşdırmaq niyyətindədir. Lizinq vasitəsi ilə avtomobil, ağır yol və tikinti texnikası, müəssisə və istehsalat avadanlıqları, biznes obyektləri almaq istəyən hüquqi və fiziki şəxslər heç bir tərəddüd etmədən «Joint Leasing» şirkətinə müraciət edə bilərlər», - deyə şirkətin rəsmi məlumatında bildirilir.

Xatırladaq ki, «Joint Leasing» şirkəti 2007-ci ilin iyun ayından «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» Birgə Müəssisəsi isə 1999-cu ildə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR