Xədicə İsmayılova ilə bağlı yaranmış duruma həsr olunmuş toplantı keçirilib

Xədicə İsmayılova ilə bağlı yaranmış duruma həsr olunmuş toplantı keçirilib
# 16 mart 2012 14:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ilə bağlı yaranmış duruma həsr olunmuş toplantı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən hüquq müdafiəçisi Arzu Abdullayeva və “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev X. İsmayılova ilə bağlı olan hadisəni pisləyib. Onlar X. İsmayılovanı müdafiə edəcəklərini bildiriblər.

Jurnalist Aynur Elgünəş isə bəzi qadın təşkilatlarının rəhbərlərini məsələyə biganə qaldığına görə tənqid edib. O, konkret olaraq Sevinc Osmanqızı və Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın adını çəkib.

Tədbirin gedişində X. İsmayılova da tədbirə qatılıb. X. İsmayılova Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, daha sonra isə Bakı şəhər prokuroru Əziz Seyidovun ona zəng vurduğunu bildirib. X. İsmayılova bu gün E. Sultanovla görüşdüyünü də söyləyib: “Məni Bakı Şəhər Prokurorluğuna dəvət etdilər. Vəkilim Adil İsmayılovla məsləhətləşdim, Şəhər Prokurorluğuna martın 17-də gedəcəyəm”.

X. İsmayılova başına gəlmiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir maddəsi üzrə cinayət işi açılmasından da narazılıq edib. Onun fikrincə, jurnalistin peşə fəaliyyətinə mane olma maddəsi üzrə də iş aparılmalıdır.

X. İsmayılova ona dəstək verən hər kəsə təşəkkür edib: “Mənə təsəvvür etmədiyim insanlardan da dəstək gəldi”.

X. İsmayılova ATƏT-in və Avropa Şurasının Bakı ofislərinin məsələ ilə bağlı reaksiya vermədiyini də vurğulayıb və təəssüfünü bildirib.

Qeyd edək ki, Jurnalist Qadınlar Assosiasiyası Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə edilməsini pisləyən bəyanat yayıb və bu məsələnin araşdırılmasının vacibliyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR