«AvtoVAZ» sonuncu klassik modelinin istehsalını dayandırıb

«AvtoVAZ» sonuncu klassik modelinin istehsalını dayandırıb
# 17 sentyabr 2012 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» şirkəti «Lada» klassik modelinin istehsalını başa çatdırıb.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün müəssisənin konveyerindən sonuncu «Lada 2104» modeli çıxıb. Eyni zamanda «AvtoVAZ» şirkəti «2104»ün bazasında hazırlanan «İj-21175» yük avtomobillərinin istehsalını da dayandırıb. Buna baxmayaraq, «AvtoVAZ» satdığı «Lada 2104» və «İj-21175» avtomobillərinin zəmanət şərti ilə təmirini yaxın 3 il ərzində davam etdirəcək.

Hazırda «AvtoVAZ» bütün gücünü yeni «Lada Granta» modelinin istehsalına yönəldib. Təkcə cari il ərzində müəssisədə 50 min avtomobilinin istehsalı planlaşdırılır ki, bunun da yarıdan çoxu «Granta»nın payına düşəcək. Eyni zamanda zavodda «Renault» və «Nissan» avtomobillərinin də istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, «Lada 2104» modeli 1984-cü ildən etibarən istehsal olunur. Cari ilin ilk yarısında 1,5 min ədəd «Lada 2104» istehsal olunub. Bu modelin istehsalının dayandırılması barədə qərarı müəssisənin rəhbərliyi iyul ayında çıxarıb. Bundan öncə «AvtoVAZ» daha bir klassik model sayılan «Lada 2107»nin istehsalını dayandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR