Bakıda qadına ölümcül xəsarət yetirən şəxslərin məhkəməsi davam edir

Bakıda qadına ölümcül xəsarət yetirən şəxslərin məhkəməsi davam edir
# 19 sentyabr 2016 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda və quldurluqda təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Lalə Teymurova və Nailə Əsədova ifadə verib. N. Teymurova deyib ki, bıçaqlanan Aynur Teymurovanı qanının içində ona tərəf gələrkən görüb: "Onlar məni də öldürmək istəyirdilər. Aynur xanım dedi ki, onu bıçaqlayanlardan biri oğlunun sinif yoldaşıdır".

Digər şahid isə zərərçəkən qadınla qohum olduqlarını deyərək bildirib ki, təqsirləndirilən şəxsləri tanıyıb: "Biz Aynur xanımı xəstəxanaya apardıq. O dedi ki, evə oğurluq məqsədi ilə girən iki nəfər onu öldürmək istəyib".

İclasda məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses sentyabrın 30-da davam edəcək.

Qeyd edək ki, ötən ilin noyabrında Bakıda, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri Q. Abdullayevlə K. Cəfərzadə tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR